“Hər bir vaksinin əlavə təsirinin olması mümkündür. Bu da vaksinin tərkibi barədə vərəqədə bildirilir. Seçəcəyimiz vaksinin istehsalçısının tövsiyələri nəzərə alınacaq”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səsləndirib.
TƏBİB sədri bildirib ki, vaksinin əks göstərişləri və əlavə təsirləri var: “Bu səbəbdən hansısa şəxslərə vaksinlərin vurulmaması da ola bilər. Vaksinlərdən sığortalanma dünya praktikasında nəzərdə tutulmur. Vaksini vurduracaq şəxsin hər hansı başqa ölkəyə getməsindən asılı olmayaraq, onun bədənində artıq immunitet yaranmış olacaq”.
O qeyd edib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: “Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi – “CoronaVac” inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir. Təhlükəsizliyinə daha çox güvəndiyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər…”
Aytac Ələkbər