Əgər əvvəl heç eşitməmisinizsə, bu markanın hekayəsi sizi təəccübləndirə bilər.Victoria’s Secret həyatımıza necə daxil oldu?
Victoria’s Secret markasını çoxumuz bilirik. Daha çox modellərin iştirak etdiyi bu dəfilələr bir çox ölkənin maraq dairəsindədir. Bu marka, modelləri və rəngli alt paltarları ilə, xüsusilə də, hər Yeni il şənliyində gündəmə gəlməyi bacarır. Victoria’s Secret,möhtəşəm parçalar,müasir kəsiklər və bənzərsiz krujeva ilə müasir qadınların xəyal markasıdır.
Utancaq Oğlan Marka Yaradır
Bu hekayə, Stanford universitetində oxuyan Roy Reymondun həyat yoldaşına alt paltarı almaq üçün bir mağazaya daxil olması ilə başlayır. Reymond mağazada qadınların arasında gəzməkdən çox utanır. Özünü o qədər pis hiss edir ki, özü kimi hiss edən digər kişilər üçün də çarə axtarmağa başlayır.
Sektorda böyük ehtiyac və açıqlığın olduğunu başa düşən Reymond 80 min dollar həcmində borca girir. 1997-ci ildə Kaliforniyada kişilərin daha rahat hiss edə bildikləri və həyat yoldaşlarına tərəddüd etmədən alış-veriş edə biləcəkləri alt paltarı mağazası açır. Mağazaya getmək istəməyən kişilər üçün kuryer vasitəsilə çatdırılma fəaliyyət göstərir. Markanın təməl hekayəsi belə özlüyündə maraqlı deyilmi?
Viktoriyanın Sirri Nə İdi?
“Victoria’s Secret” birbaşa “Viktoriyanın Sirri” mənasını ifadə edir. Mağazanın açıldığı illərdə, alt paltarı istehsal edən firmalar daha çox ənənəvi modellərdə alt paltarı satırdı. Halbuki, Reymond olduqca zərif, seksual və cəsur modellər, eyni zamanda daha fərqli alt paltarları təqdim edir. Reymondun bu konsepsiyanı hazırlayarkən Viktoriya dövrünün zərif alt paltarından ilhamlandığı məlumdur. Markanın adı, kraliça Viktoriya və şahzadə Albertin 9 övlad sahib olmasına səbəb olan yataq otağı sirlərinə həsr olunaraq düşünülüb. Hətta, konsepsiyaya uyğun olaraq ilk mağazanın dekorları arasında yataq otağı da var idi.
Zirvədən Düşmək
Mağazanın yarandığı ilk ildə 500 min dollarlıq dövriyyə əldə edən Reymond, ikinci ildə bir kataloqu çap etdirdi və 3 fərqli mağaza açdı. 1982-ci ildə kütləvi istehsala başladı və öz məhsullarını istehsal etdi. Müəyyən müddətə 6 dükana, 42 səhifəlik kataloqa və 6 milyon dollarlıq ciddi bir dövriyyəyə çatdı.
Bir marka strategiyası olaraq təyin olunan kişi müştərilərinin rahatlığını təmin etmək mövzusu, qadın müştərilərinin markadan uzaqlaşmasına səbəb oldu və maddi çətinliklər başladı. Victoria’s Secret dövrün güclü şirkətlərindən biri olan “The Limited”in qurucusu Lezli Veksner tərəfindən 1 milyon dollar qarşılığında satın alındı.
Roy Reymondun İntiharı
Marka Veksner tərəfindən alındıqdan sonra hədəf auditoriyası qadın müştəriləri oldu. Victoria’s Secret, daha seksual dizayn yanaşması ilə yenidən formalaşdırıldı. Yalnız alt paltarları ilə kifayətlənmədi, çimərlik geyimləri, gecə geyimləri, kosmetika və ətirlər də istehsal edərək zirvəyə qalxdı. 1995-ci ilə qədər 1,9 milyard dollar dəyərində 670 mağazası olan beynəlxalq pərakəndə nəhənginə çevrildi.
Bu müddət ərzində ailəsi ilə problem yaşayan Reymond həyat yoldaşından boşandı. Xərçəng səbəbindən saçlarını itirən qadınlar üçün parik istehsal edən bir şirkətdə işə başladı. Ailəsinin köməyilə başqa bir şirkət qurmağa çalışdı, lakin müvəffəq olmadı. 1993-cü ildə Qızıl Qapı Körpüsündən özünü ataraq intihar etdi. Cəsədi bir həftənin sonunda San Fransisko Körfəzində tapıldı. Bu intihardan sonra insanlarda bir sıra suallar formalaşdı: Reymond Victoria’s Secret-i tez satdığı və ondan sonra uğursuzluğa düçar olduğu üçün intihar etdi? Yoxsa, şəxsi həyatında baş verən problemlərdən ötrü intihar etdi?
Amilə Hümmətova