Dünən dünyanın ən zəngin adamı Elon Musk WhatsApp-ın istifadə şərtlərini dəyişdirmə qərarına reaksiya verib. Şəxsi Twitter hesabından “Siqnaldan istifadə et” mesajını göndərən Musk, istifadəçiləri WhatsApp-a alternativ olan “Siqnal” tətbiqetməsindən istifadə etməyə dəvət edib.

Sosial media nəhəngi olan Facebook WhatsApp istifadəçiləri tərəfindən bəyənilməyəcək qərarlar üçün hərəkətə keçib. İstifadə şərtlərini dəyişdirməyə hazırlaşan sosial platforma, Facebook ilə məlumatlarını paylaşmayan istifadəçilərə qadağalar tətbiq edəcək.

WhatsApp istifadəçiləri  bu gündən başlayaraq xidmətin yeni şərtləri və məxfilik siyasəti ilə bağlı bildiriş almağa başlayıb.

Sözügedən dəyişikliyi qəbul etməmək şansı olmayan istifadəçilər ya bu şəkildə WhatsApp istifadə edəcək, ya da platformadan istifadəni dayandıracaqlar. Başqa sözlə, WhatsApp yeni qaydaları qəbul etməyən istifadəçilərə qadağa qoyacaq. Sözügedən qərarın 8 fevral tarixindən etibarən qüvvəyə minməsi gözlənilir.

WhatsApp web saytındakı məlumatlara görə, istifadəçilərin məlumatları Facebookdakı digər platformalarla paylaşıla bilər. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Facebook WhatsApp istifadəçilərindən topladığı məlumatları bu şəkildə işləyərək reklam gəlirlərini artırmağı hədəfləyir.

Aytac Ələkbər