Havaların isinməsi və elektrik istehsalında külək generasiyasının payının artması Avropa İttifaqının yeraltı anbarlarından qaz çıxarılmasının azalmasına səbəb olub.
“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, martın 13-də Avropa İttifaqı ölkələrində yeraltı anbarlardan 184 milyon kubmetr qaz götürülüb. Eyni zamanda, anbarlara qaz vurulması artaraq 82 milyon kubmetrə çatıb.
Avropada isitmə mövsümün başladığı noyabrın 14-dən bəri anbarlardan ümumilikdə 48,1 milyard kubmetr qaz çıxarılıb.
Hazırda Avropadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi 56,37 faiz (61,26 milyard kubmetr) təşkil edir ki, bu da son beş il ərzində müvafiq dövr üçün orta göstəricidən 20,38 faiz çoxdur.

İstinad: Azərtac