Məlum olduğu kimi iyul ayının 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.
Döyüşlər Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutulması ilə başlayıb.
Azərbaycan və Ermənistan sərhədində baş verən döyüşlər fonunda bir çox ölkələr Azərbaycana dəstək olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan ediblər.
Belə vaxtda ilk dəstək qardaş ölkə olan Türkiyədən gəldi. Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yaydı. Bəyanatdan bir hissəni sizə təqdim edirik:
“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə döyüşlər zamanı həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik. Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.
Kolumbiya senatı Ermənistan əleyhinə bəyanat yaydı
Türkiyənin Xarici İşlər nazirinin ardınca bir sıra müdafiə sənayesi təşkilatlarının rəhbərləri və müəssisələri də Azərbaycana öz dəstəklərini ifadə ediblər.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin Sədri İsmail Dəmir sosial media hesabında Ermənistanın silahlı qüvvələrinin hücumunu Azərbaycana qarşı təxribat adlandırıb:
“Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Unudulmasın ki, Türkiyə bütün imkanları ilə qardaş ölkə Azərbaycanın yanında olacaqdır”.
Türk Aviasiya və Kosmik Sənayesi Təşkilatının (TUSAŞ) baş direktoru Təməl Kotil də sosial media hesabında “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunda şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik. Başınız sağ olsun! Biz sizinləyik #Azerbaijan” yazıb.
Türkiyə müdafiə sənayesinin lokomotivi olan ASELSAN şirkəti “Başın sağ olsun Can Azərbaycan” mesajını paylaşıb.
“Meteksan Savunma” şirkəti isə yayımladığı mesajda “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə gerçəkləşdirdiyi hücumu şiddətlə qınayır, şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət, yaralılara şəfalar diləyirik. Səninləyik Azərbaycan”, -yazıb.
Türkiyədən sonra Kolumbiya da Azərbaycana öz dəstəyini nümayiş etdirib. Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzününü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.
Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyib, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırıb.
Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.
Bundan başqa dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar tərəfindən müxtəlif ölkələrdə Azərbaycana dəstək aksiyaları da keçirilib.
Serbiya və Gürcüstan Azərbaycana qarşı?
Təəsüf ki, bəzi ölkələr isə nəinki Azərbaycana dəstək oldu, hətta əksini edərək Ermənistana gizli yardımlar etməsi ilə bağlı xəbərlər yayıldı. Bunlardan Serbiya və Gürcüstanın adları çəkildi.
Yerli mətbuatda “Serbiya Gürcüstanın yardımı ilə Tovuzu bombalamaq üçün minaatan göndərdi” başlıqlı yazılar dərc olundu.
Sensasiyalı faktlardan məlum oldu ki, Ermənistanın iyulun 12-də başlayan və dörd gün davam edən Azərbaycan sərhədinə xain və məkrli hücumu əvvəlcədən hazırlanıb.
Sosial şəbəkələrdə eyni günlərdə Gürcüstan ərazisindən GRAD qurğuları və minaatan sursatları üçün KamAZ avtomobillərinin getdiyi barədə məlumatlar yayıldı.
Qeyd edək ki, Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələri əsasən müxtəlif çaplı minaatanlardan istifadə edib. Minaatanlarla erməni bölmələri Azərbaycanın sərhəd kəndlərinə atəş açıb.
Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan tarix boyu həm Serbiyaya, həm də qonşu Gürcüstana öz dəstəyin əsirgəməyib. İki ay əvvəl Azərbaycan koronavirus pandemiyası ilə mübarizə üçün Serbiyaya humanitar yardım göndərib. Həmçinin, Azərbaycan Kosovanın müstəqilliyini tanımayan ölkələrdən biridir və Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.
Tovuz döyüşləri müxtəlif ölkələrin Azərbaycana qarşı mövqeyini bir daha ortaya qoydu.
Aydın Nuri