Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynayır, milli mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşadır.

1898-ci ilin 2 avqustundan başlanan yolun bugün 122 ili tamam olur. Kino tariximizdə silinməz izlər qoyan filmlərimiz var.

“Özgə vaxt” filminin əsas özəllikləri

Özgə Vaxt filminin özəllikləriləri, bu film haqqında maraqlı məlumatlar,

Ayan Mirqasımova və Elşən Rüstəmov

Köklü ənənələrə malik milli kinomuzun parlaq səhifəri çoxdur. Maraqlı ekran əsərlərimizdən biri də “Özgə Vaxt” filmidir. Ramiz Rövşən və Hüseyn Mehdiyevin ssenaristi olduğu psixoloji-dram janrında olan film 1996-cı ildə çəkilib.

Azərbaycan Respublikası filmoqrafiyasının ilk sənət filmlərindən sayılan və İnqmar Berqmanın “Persona” filmi ilə müəyyən bənzərlikləri olan bu filmdə hadisələrin əsasında uzun müddət xəstə atasına baxan Leylanın hal vəziyyəti dayanır. O öz yaşadığı iztirablı həyatı sevgilisinə yaşatmamaq üçün ondan ayrılır. Və heç bir qulluqçu atasına xidmətə dözə bilmir deyə Leyla işdən də ayrılaraq bütün həyatını ona həsr edir. O, tədricən yaxın dostlarını itirir və özü belə fərqində olmadan həyat tərzini dəyişərək atasının vaxtı ilə yaşamağa başlayır.

Milli dəyərlərlə müasirliyin toqquşması

Filmin baş qəhrəmanı Leyla

Ayan Mirqasımova

Bu film ata ilə qızı arasında obssesiyaya çevrilən münasibəti əks etdirir.  Filmin ümumi atmosferi, ab-havası və izləyiciyə çatdırmaq istədiyi nüans olduqca ağırdır. Ekran əsərinin səhnə quruluşu, kinematoqrafiyası ağır tonlarda təşkil olunub. Bu məssələdə ssenaristlərindən biri olan Ramiz Rövşənin qara rəngə olan rəğbətinin də müəyyən qədər təsiri var. Filmin ən maraqlı cəhəti qorxu janrının ailədaxili müstəviyə yerləşdirilməsidir. Azərbaycan milli dəyərləri ilə müasir dəyərlərin toqquşması bariz şəkildə göstərilib. Filmdə təkrarlanan epizodlar, göyərçin və saat simvolları ilə metaforik mesajlar tamaşaçının diqqətini cəlb edir. İnsan-cəmiyyət münasibətləri, fərdi şüur elementinin mövcudluğu, yadlaşma və s. kimi mövzuların mərkəzi kimi qiymətləndirilir.

Bu səhnə çox təsirləndirir

Leylanın mübarizəsi

Ayan Mirqasımova “Özgə Vaxt” filminin Leylası

Ən təsirli səhnə: O xəstə halı ilə belə onlarca ağ göyərçini əlləri ilə bəsləyir və onların çırpınışları onu xoşbəxt edirdi. Lakin, göyərçinlərin hücumu ilə otaq onun qışqırıqlarına qərq oldu.

İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.

Mükafatlar

"Özgə Vaxt" filmi

Ayan Mirqasımov və Ələddin Abbasov

Film bir çox festivallarda nümayiş etdirilib və mükafatlara layiq görülüb. Belə ki, film Madrid, Daşkənd və Anapa festivallarında mükafatlar qazanıb və xüsusən, Ayan Mirqasımova öz roluna görə yüksək müsbət rəylər almıb. Film 2016-cı ildə Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilib.

Ülkər Abdurahmanlı