Psixoloji müharibə 21-ci əsrin ən geniş yayılmış müharibə üsuludur. Bu müharibənin əsas məqsədi sağlam bir insanı ömür boyu yaralı vəziyyətdə qoymaqdır. Normal müharibə zamanı insanlar həyatını itirər- şəhid olar, yaxud yaralanaraq xəsarət alar, qazi olar. Bu müharibədə müəyyən bir adları yoxdur. Psixoloji müharibədə isə bir başa insanın baş-beyninə, sinir sisteminə, psixologiyasına təsir edir. Belə ki, həmin adam gördüyünü, eşitdiyini bir ömür unutmaz. Digər adı “informasiya müharibəsi” olan bu müharibə normaldan daha yorucu, çətin və səbr tələb edir.
Bu müharibə zamanı düşmənə qarşı yetərli məlumat olmalıdır. Bunun təməlində isə hər zamankı kimi bilik durur. Düşmənini tanımayan, müharibədə məğlub olur. Həm özünü, həm düşmənini tanımayan, müharibədə məğlub olmaqla yanaşı, müharibədən sonra da özünə gələ bilmir. Düşmənini tanımayıb, özünü tanıyan müharibədən sonra müvəffəqiyyətli ola bilər. Həm özünü, həm düşmənini tanıyan gücün isə, məğlub olmaq ehtimalı demək olar ki, yoxdur. Özünü tanımayıb, düşmənini yaxşı tanıyan gücün müharibədə məğlub olmaq ehtimalı çox yüksəkdir.
Psixoloji müharibədən necə qalib çıxmalı?
Psixoloji müharibənin birinci addımı rəqibini və özünü yaxşı tanımaqdır.
İkinci addımı, təzyiq və inandırma metodlarını ustalıqla istifadə edərək qarşı tərəfdə psixoloji çöküntü yaratmaqdır.
İldırım Bəyazid və Əmir Teymurla bağlı bir rəvayət var:
Müharibədən sonra iki xaqan birlikdə vəziyyəti dəyərləndirirlər.
İldırım Bəyazid “Qüvvətlərimiz bərabər idi, sən necə qələbəyə nail oldun? soruşur. Buna cavab olaraq Əmir Teymur barmağını uzadaraq, “ikimiz də bir-birimizin barmaqlarını dişləyək” deyir. Bir müddət sonra İldırım Bəyazid ağrıya dayana bilməyərək “ah” dediyi anda Əmir Teymur barmağını dərhal xilas edir və sonra da “bir az daha dayansaydın, mən məğlub olacaqdım” deyir.
Gördüyümüz kimi psixoloji müharibə olduqca çətindir. Bunun üçün əvvəlcədən hazırlaşmaq vacibdir.
Psixoloq Xanım Bəşirli