Fikriyə xanım 1897-ci ildə anadan olub. O, Mustafa Kamal Atatürkün anasının ikinci həyat yoldaşı Raqıb Əfəndinin yaxın qohumu idi.
Ailəsi türk olduqları üçün Selanikdən qaçmağa məcbur qalmış, İstanbulda məskunlaşmışdılar. Daha sonra ailəsini də itirdiyi üçün Atatürkün anasıgildə qalmağa başlayır.
Fikriyə xanım Mustafa Kamal Atatürkü ilk dəfə 8 yaşında ikən görüb, ona aşiq olur. Ancaq Atatürklə aralarında düz 16 yaş fərq olduğu üçün heç nə deyə bilmir.
Atatürkün bacısı Məqbulə Fikriyyə xanımı sevmirmiş.
Fikriyyə ilə Mustafa Kamalın ikinci görüşü 7 il sonra baş tutur. Artıq Fikriyyə xanım yeniyetmə qızdır. O, ürəyindəki gizli sevgini heç kimə demir.
Fikriyyə uşaq yaşlarından müxtəlif xəstəliklərə məruz qalır. Bir tərəfdən xəstəlikləri ilə mübarizə aparır, digər tərəfdən isə özünü inkişaf etdirirdi. Belə ki, fransız, alman və yunanca öyrənmiş, həmçinin pianino və ud çalmağı bacarırdı.
Onun ürəyində Mustafa Kamal sevgisi, Atatürkün isə ürəyində vətən sevgisi var idi. Mustafa Kamal cəbhədən-cəbhəyə gedir, döyüşür, bu da onların görüşünü gecikdirirdi.
Üçüncü dəfə 1 ildən sonra görüşdülər. Fikriyyə xanım artıq sevgisini yavaş-yavaş büruzə verməyə başlayırdı.
Sonra aralarına yenə ayrılıq girdi. Türkiyə Çanaqqala müharibəsinə başlamışdı. Onların növbəti görüşündə Fikriyyənin artıq 21 yaşı vardı.
1920-ci ildə qəzetdə Atatürkün ölüm fərmanı yayımlandı. Bunu görən Fikriyyə xanım, artıq sevgisinin yanında olmaq qərarına gəldi. Çox əziyyətlərdən sonra Ankaraya gələ bilir. Çünki həmin dövrdə qatara minmək üçün xüsusi icazə lazım idi.
Mustafa Kamal onu qarşısında görəndə çox təəccüblənir, ancaq bir o qədər də sevinir. “Necə keçdi yol? Xeyli çətinliklə qarşılaşmısınız yəqin ki. Ancaq ürəyə söz keçirmək olmur, hə?” – Atatürk Fikriyyəni bu sözlərlə qarşılayır.
Onun gəlişindən sonra Atatürk Çankaya köşkünə köçür. Fikriyyə bütün köşkün idarəsini öz üzərinə götürür. Qonaqları qarşılayır, hər şeyi ilə özü məşğul olur. Hətta xalq arasında ona “Çankayanın il gəlini” ləqəbini də verirlər. Ancaq onunla Atatürk arasında nə nigah, nə də kəbin olur.
Atatürk yenə vətəni üçün yollara düşür. İzmirdə olan Atatürk gələcək həyat yoldaşı Lətifə xanımgilin köşkündə məskunlaşır.
Lətifə xanım, qərb mədəniyyəti ilə yetişmiş, ingilis və fransızca bilirdi. Atatürkün anası da Lətifə xanımı çox bəyənir və ailəsindən də dolayı onun oğluna layiq həyat yoldaşı olacağını deyir.
Bu ərəfədə Fikriyyə xanımın xəstəliyi artır. O, köşkdə gecə-gündüz işlədiyi üçün bədəni zəifləyir. Həkimlər vərəm olduğunu deyir. Buna görə də, Atatürkün göstərişi ilə onu Almaniyaya müalicəyə göndərirlər.
Mustafa Kamalın anası Zibeydə xanım da İzmirdə vəfat edir. Oğluna vəsiyyətində Lətifə xanımla evlənməyi tapşırır. Atatürk anasının xahişini yerinə yetirir və evlənir
Onun evlilik xəbəri təkcə ölkədə deyil, xarici mətbuatda da gündəm olur. Fikriyyə xanım yatdığı xəstəxanada bu xəbəri öyrənir və həkimlərin etirazına rəğmən Türkiyəyə qayıdır.
Fikriyyə xanım, Çankaya köşkünə artıq oranın gəlini kimi yox, Atatürkün qohumu olaraq qəbul edilir. Yol yorğunu olduğu üçün otağından çıxmır. Bir gün sonra isə Lətifə xanım, xidmətçilərə onu Çankayadan çıxardıb, otelə yerləşdirməyi tapşırır.
Fikriyyə xanımı budnan daha çox kədərləndirən isə Atatürkün bu qərara etiraz etməməsi olur. Oteldə bir gün qaldıqdan sonra, yenidən Çankaya köşkünə gəlir və Mustafa Kamalın qohumu olduğunu, vida üçün gəldiyini deyir. Lətifə xanım isə buna icazə vermir.
Fikriyyə xanım bunu eşitcək, faytona minir və köşkdən bir az aralandıqdan sonra Atatürkün ona hədiyyə etdiyi, qundağında ad-soyadının baş hərfləri yazılan silah ilə özünü öldürür.
Mustafa Kamal onun dəfnini silahdaşı Salih Bozoka tapşırır. Ancaq dəfnin gizli qalmasını istəyir. Hətta məzarı qazanlar belə kimi dəfn etdiklərini bilmirlər.
Bu hadisədən qısa müddət sonra Mustafa Kamal Salih Bozokdan onu məzarın üstünə aparmasını istəyir. Bu da Atatürklə Fikriyyə xanımın son görüşü olur. Atatürk onun qəbrinin üstündə bu sözləri söyləyir: “Bu dünyada məni ikicə qadın ürəkdən sevdi. Biri mən olduğuma görə, digəri isə vəzifəmə görə”. Daha sonra qəbrin üstünə cib dəsmalını atır və oradan uzaqlaşır.