Azərbaycanın münbit torpaqlarında bitən bir çox bitki və meyvələr var ki, onlar müalicəvi xüsusiyyətlərə malikdir. Onların təbabətdə istifadəsi, müalicə üsulları insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib.
Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəlikər zamanı sağalmağa kömək edirlər.
Azərbaycanda geniş yayılan, həmçinin, müalicəvi xarakterə malik olan bitkilərdən bəzilərinə nəzər salaq:
Tərxun
Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O, mədənin fəaliyyətini gücləndirir. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar. Tərxundan, həmçinin, şirə də hazırlanır.
İtburnu
Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində geniş yayılıb. Onun tərkibi vitaminlərlə, şəkərlərlə, mikroelementlərlə olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminlərin əksəriyyəti (xüsusilə, korbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki, onu “təbii vitamin” kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq təbabətində geniş istifadə olunur.
Moruq
Azərbaycanın ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır.
Qarğıdalı
Böyrək və qara ciyər xəstəlikləri zamanı ondan istifadə edirlər. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Saçaqlarının tərkibində efir yağı, saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun saçaqlarından duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman kimi istifadə olunur.
Yemişan
Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir. Bunun üçün ondan alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edilməsi tövsiyə olunur. Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.
Gicitkən
Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyin. Sonra qayçı ilə doğrayıb çaydanda qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə (hər dəfə də 100 qram) için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar. Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və gündə 3-4 stəkan için.
Zəfəran
Zəfəran qiymətli dərman bitkisidir. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində rast gəlinir. Azərbaycanın Abşeron rayonunda zəfəran bitir. Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.
Azərbaycanda bu tip müalicəvi xarakterə malik olan bitki və meyvələr xeyli saydadır. Onlardan bəziləri, məsələn, ardıc, qaraçəhrə, xarıbülbül, Şabalıdyarpaq palıd və s. kimi bitkilər isə “Qırmızı kitab”a daxil edilmişdir. Ümumiyyətlə, təbiətdə bu tip bitkiləri daha çox qorumaq və onların inkişafına yardımçı olmaq lazımdır.
Aydın Nuri