Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən və bu sahələrin hər birində özünəməxsus iz qoyan Əlibəy Hüseynzadənin doğum günüdür. Onun XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.

Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb, atasını itirdikdən sonra o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil alan Əli bəy Hüseynzadə uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

“Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Əli bəy Hüseynzadənin türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapıb: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu “Yalavaç” adlandırmışdır. “Yalavaç” sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə edib. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərib: Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. O, 1940-cı ildə İstanbulda vəfat edib. 2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Mübariz Zəki