Temprament anadangəlmə xüsusiyyətlərdir. “ Hislərin lazımı qarşılıqlı nisbəti ” deməkdir. Hipokratın
Yanaşmasında – insanın həm fərdi, həm də psixoloji xüsusiyyətləri nəzərdə tutulur. Hipokrata görə, 4 növ temperament tipi var:

Sanqvink

Sanqvink

Sanqvink– Sürətlə yeriyir tez-tez danışır, gördüyü film və oxuduğu kitab haqqında həyəcanla söhbət açır. Hər yeni bir fakta və məsələyə böyük maraqla yanaşır. Mimikası zəngin, ifadəli, mütəhərrikdir. Onun əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhvali-ruhiyyəsi çox dəyişkəndir. Bu tipə məxsus olan insanlar tez coşub tez sakitləşirlər, emosionaldırlar, çevikdirlər, bacarıqlı və qabiliyyətli olurlar, insanlarla tez ünsiyyət qurur, xoşbəxt və ətrafın sevimlisi, üzü nurlu olur. Yaş artsa da, üz cizgiləri sanki uşaqlıqda olduğu kimi qalır.

Xolerik

Xolerik

Xolerik– Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər arasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanlar ətraf ilə asanlıqla yola getmir tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz,insan kimi tanıyırlar . İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətraflarına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik

Fleqmatik- Qaradinməzdir, onları güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyil, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban, istiqanlıdırlar. Sadəcə onları yaxından tanımaq üçün vaxt lazımdır, vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Həmişə rəfiqələrini dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Melanxolik

Melanxolik

Melanxolik– Bu tip insanlar sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər “yüz ölç bir biç”məsləhətinə riayət etmir. Bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır. Melanxolik insan hər çağda içində olduğu cəmiyyətin şərtlərindən razı olmadığını, razı ola bilmədiyini, həyatda bir məna görmədiyini, cəmiyyətlə ayaqlaşa bilmədiyini, ünsiyyət qura bilmədiyini və buna görə də hər hansı (özünə məxsus) yolla öz “qabığına” çəkilərək, heç olmasa ruhunun bir hissəsi də olsa xilas etməyə çalışdığını demişdir.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq, temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri var.

Psixoloq Bəşirli Xanım