Sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.
Bu şəraitdə informasiya təhlükəsizliyi, hərbi məlumatların, dezinformasiyaların yayılmaması çox vacib məsələlərdəndir. Mediada, internetdə, sosial şəbəkələrdə yayılan informasiyalar haqq mübarizəmizə zərər verməməlidir.
Məhz məsələnin önəmi nəzərə alınaraq əməliyyatların başlandığı gündən Azərbaycanda internetin verilişində məhdudiyyətlər var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, ölkə üzrə internetin verilişində məhdudiyyətlərin tətbiqi və sosial şəbəkələrdə yaradılan məhdudiyyət Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün görülən tədbirlərdən biridir.
Buna baxmayaraq, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı paylaşımlar edirlər.
Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Nazirlik sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırıb.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəqiqləşdirilməmiş məlumatların yayılmaması ilə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə qeyd olunur ki, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Bildirilir ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər.
Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, aktiv döyüş əməliyyatları başlayandan sosial şəbəkələrin, internetin məhdudlaşdırılması çox doğru, yerində olan qərar idi:
“Buna baxmayaraq, bəzi vətəndaşlarımız məsuliyyət hissini azaldıblar. Azərbaycan əsgəri dövlətimiz üçün, xalqımız üçün çalışır. Bizim hər birimizin borcudur ki, bu mübarizədə onların yanında olaq. Bəziləri yersiz şəkillər dərc edirlər, lazım olmayan məlumatlar yayırlar ki, düşmən üçün son dərəcə önəmli rol oynayır. Bir vətəndaşın məsuliyyətsizliyi, ehtiyatsızlığı bütöv bir bölmənin, hərbi hissənin taleyinə təsir göstərə bilər. Bir məsələni xatırladım ki, Ermənistan müharibənin ilk günü Birinci Qarabağ savaşında cəlladlıq edən bir dəstəni döyüşlərə cəlb etmişdi. Onlar da selfi çəkib paylaşmışdılar ki, türkləri cəzalandırmağa gedirik. Nəticədə o məlumat dərc olunandan sonra müvafiq orqanlar qabaqlayıcı tədbirlər gördülər və qısa vaxtda biz onları məhv etdik”.
Hərbi ekspert vurğulayır ki, bu cür məsələrdə olduqca diqqətli, ehtiyatlı olmaq lazımdır:
“Biz hərbçilərimizin həyatını riskə qoya bilmərik. Heç kimin ixtiyarı yoxdur ki, bu müqəddəs işi korlasın. Paylaşılan ən adi bir məlumat da düşmən üçün ipucu rolu oynaya bilir. Bəzən şəhidin şəklini paylaşırlar, ailə vəziyyətini yazırlar. Elə olur ki, bir əsgər öz geyimimi digər əsgər yoldaşına verir. Həmin əsgər döyüş zamanı həlak olur. Geyimdə digərinin ad, soyadı olduğu üçün məlumat yayılır ki, filankəs şəhid olub. Bu baxımdan Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan heç kim bu tip məlumatları yaymamalıdır”.
Üzeyir Cəfərov bildiririr ki, bəzən əsgərlərimiz də sevinclərindən, tələskənliklərindən hansısa məlumat, foto yayırlar:
“Bu cür hallara qəti yol vermək olmaz. Prezident özü də çıxışında bildirdi ki, biz torpaqlarımızı işğaldan azad edəndən sonra, o ərazilərdə möhkəmləndikdən sonra elan edirik. Onların tələskənlik göstərməsi bizə çox böyük ziyan gətirən məsələlərdir.
Biz aldığımız ərazini ona görə açıqlamırıq ki, orada əvvəlcə müəyyən müdafiə qurğuları yerləşdirilməlidi, səngərlər qazılmalıdı.
İnsanlar bəzən çox emosional davranırlar. “Doğma kəndim”, “ata-babamın qəbri” və s. yöndən yanaşırlar. Ancaq zamanı gələndə hamı öz ocağına gedəcək. Düşmən qoyub qaçdığı elə yerlər var ki, mina var, elə yer var ki, suyu zəhərlənib. Hər şey tam təmin olmayınca bu ərazilərə giriş qadağandır. İllər boyu gözləmişik, qələbəmiz, daha böyük uğurlarımız üçün bir az da səbr edək”.