Bu gün mərhum sənətkar Tofiq Tağızadənin doğum günüdür.

Bilgisel.az olaraq sənətkarın həyat yoluna nəzər salaq.

Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Bir çox filmlərin quruluşçu rejissoru olan Tofiq Tağızadə Azərbaycanın xalq artisti fəxri adına da layiq görülüb.

O, sənətə “Görüş” filmi ilə gəlib.  Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirib. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür. Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib. “Dədə Qorqud” Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.

“Mən ki gözəl deyildim” filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan səidələrin, məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.

T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli “Arşın mal alan” bədii filminin quruluşçu rejissorudur. “Yeddi oğul istərəm” filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. “Bağ mövsümü” isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir.

Sənətkar 27 avqust 1998-ci ildə – 79 yaşında vəfat edib. Allah rəhmət eləsin.

 

Mübariz Zəki