Günəş çıxanda və batanda gözümüzə qırmızı rəngdə görünür. Səma da narıncı, qızılı və hətta bənövşəyi rənglərə bürünür. Çoxları bu görüntünü romantik və poetik hesab edir.
Bəs sarı rəngdə bilinən günəş niyə bəzən gözümüzə qırmızı rəngdə görünür?
Mütəxəssislər bunun səbəbinin tamamilə elmi olduğunu deyirlər. Onlar günəşə birbaşa, teleskop və ya durbin vasitəsilə baxılmamasını tövsiyə edir. Çünki bu, gözdə qalıcı zədəyə yol aça bilər.
Günəşin fərqli rənglərdə görünməsinin səbəblərindən biri də fizika qanunlarıdır.
“Günəş işığı atmosferdən keçərkən optik xüsusiyyətlərinə görə rəngini dəyişə bilir”, deyə Qrinviçdəki Kral Muzeyinin astronomu Edvard Blumber bildirir.
İşıq və atmosfer
Bu izahı daha da açmaq üçün işıq anlayışını başa düşmək lazımdır. İşıq qırmızı, narıncı, sarı, yaşıl, mavi, açıq mavi və bənövşəyi rənglərlə görünə bilən bir şkaladan ibarətdir.
Blumber qeyd edir ki, bunun arxasında günəş işığının yayılması, lakin bu yayılmanın eyni dərəcədə olmaması durur.
Hər rəng fərqli dalğa uzunluğuna malikdir. Məsələn, ən qısa dalğa uzunluğu bənövşəyi, ən uzunu isə qırmızı rəngdədir.
Günəşin rənginin dəyişməsini başa düşmək üçün lazım olan ikinci konsepsiya oksigen kimi müxtəlif qaz təbəqələrindən ibarət atmosferin quruluşudur.
Günəş işığı hər biri fərqli sıxlığa malik qaz təbəqələrindən keçdikcə mavi dalğa boyları da bölünür və əks olunur.
Eyni zamanda atmosferdə asılmış hissəciklər də var. Bunlar səpələnmiş işığın əks olunmasına və geri qayıtmasına səbəb olur.
Günəş doğanda və batanda onun şüaları da atmosferin yuxarı qatlarını müəyyən bir bucaq altında vurur. Sehrli görüntü də burada baş verir.
Günəş şüaları bu yuxarı təbəqələri deşdikcə mavi dalğa uzunluqları da udulmaq əvəzinə parçalanır və əks olunur.
“Günəş üfüqdən çox aşağı düşəndə mavi və yaşıl rənglər yayılmağa başlayır, nəticədə narıncı və qırmızı rənglər meydana gəlir”, – deyə Blumber bildirir.
Xülasə, bənövşəyi və mavi kimi dalğa boyu qısa olan rənglər yayılsa da, qırmızı və narıncı kimi dalğa boyu daha uzun rənglər səthə çıxmağı bacarır. Nəticədə möhtəşəm bir mənzərə yaranır.