Yəqin ki, bir çoxunuz onun videoları ilə qarşılaşmısınız. Sərt karantin dövründə gənc vloqqer Orxan Mirzəyevin dayanacaqda oynadığı rəqs istər sosial şəbəkələrdə, istərsə də televiziyada böyük marağa səbəb olmuşdu.

Onun kompleksiz və pozitiv video çarxları insanların üzündə təbəssüm yaradır.

Bilgisel.az Orxan Mirzəyevlə müsahibəni təqdim edir:

Orxan Mirzəyev kimdir?
– Orxan Mirzəyev universiteti atmış,yaxında 23 yaşını qeyd edəcək, insanlarda kompleksi qıran videobloqqer, bakılı bir gəncdir.

– Universiteti atmaq səbəbiniz nədir?

– Mən Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyurdum. Universitetə daxil olanda düşünürdüm ki, məktəbdən daha fərqli, qeyri-adi olacaq. Amma gördüm görünüşü, otaqları və ab-havası məktəbdən fərqlənmir. Özümü məktəbdəymiş kimi hiss edirdim. Ümumiyyətlə, Azərbaycanda çox universitetlərdə vəziyyət bu cürdür.

– Çox insanın cəsarət etmədiyi, üstəlik bizim ölkədə çox nadir insanların edə biləcəyi şeyləri edirsiniz. Bu cəsarət və ideya sizdə necə yarandı?

Orxan Mirzəyev

Orxan Mirzəyev

– Xaricilərdə bu tip videolar görürdüm və düşündüm ki, ölkəyə bu tip videoları inkişaf etdirmək baxımından dəstək verməliyəm. Elə bu düşüncədən sonra da komplekslərdən azad olmağa başladım. Hər dəfə bunun haqqında düşünəndə yeni ideyalar kəşf edirdim”.

– Rəqsləriniz professionallar qədər qədər gözəldir. Necə öyrənmisiniz?

– Uşaqlıqdan internetdə rəqslərə baxırdım, zamanla vərdiş halına gəldi. Və bir müddətdən sonra etdiyim cəhdlər sonrasında alındı.

– Videoları çəkən zaman insanlardan gördüyünüz ən yaxşı və ən sərt reaksiya nə olub? Sizə reaksiyalarını necə bildiriblər?

Orxan Mirzəyev

Vloqqer Orxan Mirzəyev

– Ən gözəl reaksiyalar insanların əhatəsində rəqs edən zaman mənimlə birlikdə rəqs etməkləri olub. Ən sərt reaksiyalar isə bunun kamera zarafatı olduğunu deyəndə, üzərimə hücum çəkmələri olub ki, bunların da hamısından yayına bilmişəm.

– Ailədən, dostlardan və qohumlardan sizə qarşı çıxan olubmu?
– Demək olar ki,yox. Hamısı dəstəkləyir.

– Videolar çəkilən zaman kamera arxasında baş verənlər… ?

– Ardı zarafat anlayışı olmayan insanların videonu silmə tələbləri.

– Çoxunun sosial şəbəkələrdə verdiyi məşhur sual Youtube kanalınız niyə bağlanıb?
– Youtube kanalım müəllif hüquqlarını pozduğuna görə şikayət olunmuşdu. Həm də videolarımı bir platformada yayımlamaq istəyirdim, ona görə də, İnstaqramı seçdim.

– Sizə bu fəaliyyətinizi görüb iş təklifi edənlər olubmu?

– Bəli, olub. Pandemiyaya görə hələ ki , qalıb. Amma sonrasında mütləq dəyərləndirəcəm.

– Qarşıda bizi hansı tip videolar gözləyir?

Orxan Mirzəyev

Videoblogger Orxan Mirzəyev

– Daha dəlisov, daha maraqlı və Azərbaycanda edilməyən daha fərqli videolar.

– Orxan Mirzəyev TikTok çəkən gənclərə nə deyə bilərsiniz?

– Kompleksli olmasınlar. Əgər çox istəyirlərsə, komplekslərini aşsınlar və o mahnıları özləri oxusunlar.