“Sən özünü yox, içindəkini öldürmək istəyirsən”. Əvvəlcə bu cümlə haqqında düşünək: “İntihar seçim deyil; öhdəsindən gələ bilmədiyiniz ağrı hiss etdikdə, baş verir”. İntiharı düşünürsünüzsə, bu sizin dəli və ya gücsüz olduğunuz anlamına gəlmir. İntihara gətirib çıxara biləcək bir çox fərqli səbəblər var. İnsan ağrıları da bu səbəblərdən sayıla bilər. Acıya tab gətirib-gətirməmək insandan-insana dəyişir. Sizin üçün mühüm əhəmiyyəti olan ağrı-acı başqasının gözündə adi görünə bilər.

 

 DÜNYADA İNTİHAR EDƏNLƏRİN 63 FAİZİ KİŞİLƏRDİR

Kişilər daha çox intihar edir

Kişilər qadınlara nisbətdə daha çox intihar edirlər

 

Son illərin statistikasına nəzər salsaq, görərik ki, dünyada intihar halları artmaqdadır. Təsadüfi deyil ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Təşkilat 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 800 min insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37-si isə qadınlardır.

İnsanlar niyə intihar edirlər? Psixi xəstəliklər, sosial, psixoloji, bioloji səbəblər, genetik yaxınlıq, fiziki xəstəliklər intiharın əsas səbəbləridir. Depressiya, şizofreniya (intihar edənlərin 10%-də şizofreniya müşahidə olunur), spirtli içkilərdən istifadə, narkotik maddələrdən asılılıq, şəxsiyyət pozuntusu, yüksək həyəcan, sosial səbəblər, ailə bağları zəifliyi intihara səbəb olan psixi problemlər sırasındadır.

 

Maraqlıdır ki, əvvəllər intihar edən insanlar bunun səbəblərini yazılı şəkildə bildirirdilər. Yəni ölümündən sonra onun cibindən, çantasından məktub tapılır, intiharın hansı səbəbdən baş verdiyi hər kəs üçün aydınlaşırdı. Bu gün isə intihar edənlərin əksəriyyəti bunu sirr kimi saxlayır, səbəbləri açıqlamır. Bəs bir insanın intihara hazırlaşdığı necə hiss edilir? Bunu ifadə etmənin hansı yolları var? İntiharların çoxunda bu aksiyadan öncə xəbərdarlıq xarakterli bəzi əlamətlər özünü göstərir.

BELƏ HALLA QARŞILAŞDIQDA NƏ ETMƏLİYİK?

Kişilər daha çox intihar edir

Onları dinləyin

Çox sevdiyiniz biri intihardan bəhs etdikdə siz onu sakit və diqqətli şəkildə dinləməlisiniz. Unutmayın ki, intihar haqqında fikirləşən insan artıq ətraf-mühitlə əlaqəsini kəsməyə başlayır, bir növ təcrid edir. Onlarla ünsiyyət qurmaq çətin olduğu qədər vacibdir. İntihara meyilli şəxsi danışmağa sövq edin. Daha sonra isə onu diqqətlə dinləyin. Çünki buna ehtiyacları var. Açıq şəkildə intihardan danışın.”İntihar”,”ölü”,”ölmək” ifadələrinin həqiqi olduğunu onlara tez-tez xatırladın. Hiss və duyğularına hörmətlə yanaşın. Bir insan sizə intiharı düşündüyündən bəhs etdikdə, artıq siz kimlərdən kömək istəyəcəyiniz barədə düşünməlisiniz. Çünki bu problemi özünüzün heç kim olmadan həll etməyə çalışmağınız çox risklidir. Yaxşı olardı ki, psixoloqa müraciət edəsiniz. Çünki psixoloqlar belə insanlarla necə ünsiyyət quracağını yaxşı bilirlər. İntihara meyilli insanlar əslində ölmək barədə düşünmür. Qayğıya olan ehtiyacları, daim maraq dairəsində olmaq istəyi və yaxud da yaşadıqları həyat istədikləri kimi olmadıqda onlar bu yolu seçir. Unutmayın,intihar çıxış yolu kimi görünsə də, əslində heç də çıxış yolu deyil. Daha sağlam düşünmək üçün mütləq psixoloqa müraciət etmək lazımdır. Bu yoldan döndükdən sonra həyatınızın nə qədər dəyərli olduğunu, hər şeyə çarə tapıldığını dərk edəcəksiniz. Morqan Frimanın da dediyi kimi: “Ölmək istəyirsən? Get özünü dənizə at. 5 saniyədən sonra həyatda qalmaq üçün necə çırpındığını görəcəksən. Sən özünü yox içindəki bir şeyləri öldürmək istəyirsən”.

 

Hümmətova Amilə