İntihar nədir? İntihar insanın bioloji cəhətdən özünə qəsd etməsidir. İnsanlar özlərini bioloji cəhətdən öldürən zaman isə artıq mənəvi cəhətdən də ölü olurlar. Hər birimizə məlumdur ki, son zamanlar intihar hadisələrinin sayı artıb.  Elə son hadisə şantaj olunduğu üçün intihar edən Naidə İsayeva yəqin hələ yaddan çıxmayıb.

Gənc müəllimin intiharı

“qatil” Naidə İsayeva

Bəlkə də, bəzilərimizin ailəsində, qohumunda və yaxud da ətrafında intihar halı baş verib. Bəs heç düşünürükmü o insanlar hər şeydən çox sevdikləri canlarına qıyacaq “cəsarəti” haradan alırlar?
Çox vaxt “ailə”sinin, yaşadığı “cəmiyyət”in, ətrafının formalaşdırdığı şəxsi keyfiyyətlər öldürür o insanları. Yəni “valideyn”lər, sizli-bizli “cəmiyyət” və hamımız tək-tək elə bir stiuasiya yaradırıq ki, insan həm ölür, həm də “qatil” olur. Əsl qatillərdən biri üzülür, digəri mediada “bir gənc intihar etdi” başlıqlı xəbər yayır, digəri bu faktı araşdırır. Başqa bir “qəhrəman” isə çıxıb intihar edən qızdırsa, belə bir şərh verir: “Yəqin nəsə bir zibil işi var idi”…

Mentalitet. Nədir mentalitet xalqı təbliğ edən adət-ənənə! Bu gün bizim bəzi mentalitet “incilərimiz” ölüm səbəb olur. O incilərdən biri də “qızın ər evindən ancaq meyidi çıxar” ifadəsidir.

Günay Quluyeva

“qatil” Günay Quluyeva

Günay Quluyevanın ailə qurub getdiyi evdə problemləri var idi. Tez-tez münaqişələr yaşanırdı, amma boşanmadı intihar etdi.

Mentalitetimizin “incilərindən” daha biri “böyüyün sözündən çıxmaq olmaz”. Böyük səhvdə desə, düz də desə sən ona boyun əyməlisən. Hələ o sözü deyən valideyndirsə sənin ümumiyyətcə söz haqqın yoxdur. Valideynlər “böyüklük” edib hər şeyə qərar verirlər. Hətta övladlarının kiminlə evlənəcəyinə belə.

İstəmədiyi adamla evlənməmək üçün intihar edən Nağdıyeva Günel

“qatil” Nağdıyeva Günel

Günel istəmədiyi adamla evlənməmək üçün canına qıydı.

Başqa bir məqam LGBT nümayəndələrinı yanaşmayla bağlıdır. Pisləməyə, daşlamağa başlayırıq. Niyə, axı? Hər kəs özünü necə hiss edirsə, o cür də həyatına davam edə bilər. Biz bunu bəyənməyə bilərik, amma təhqir edə bilmərik.

İsa Şahmarlının intiharı

“qatil” İsa Şahmarlı

“Gedirəm. Hərkəs haqqını halal etsin. Bu ölkə, bu dünya mənə görə deyil. Xoşbəxt olmaq üçün gedirəm… Anama onu çox sevdiyimi söyləyin. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil”. LGBT aktivisti İsa Şahmarlının intiharından əvvəl son sözləri.

Beləliklə, qatil etdik, canını aldıq və ölümünə özümüzə uyğun səbəb də tapdıq.

Bu məsələ ilə bağlı kiçik bir sorğu da apardıq. Həmin sorğuda sualımıza insanların cavablarını sizə təqdim edirəm.

İntihar edən gənclər. Cəmiyyətin və ətrafın bunda nə qədər payı olduğu az-çox məlumdur. Bəs valideynlərin gənclərin intiharında payı nə qədərdir? Bu haqda nə düşünürsünüz?

Günel Abbas- “Başda cəmiyyət olmaqla valideynlərin intihar məsələlərində rolu olduqca aktivdir. Burada məqsədim valideynləri günahlandırmaq deyil. Ancaq son zamanlar baş verən hadisələr hər şeyi açıq-aşkar göstərir. Valideynlər övladlarını cəmiyyət qarşısında müdafiə etmək əvəzinə bir balta da özləri çalır. Nəticədə öz əlləri ilə övladlarının dəhşətli sonunu hazırlayırlar”.

Elvin İbadov -“İntiharların səbəbi elə valideynlərdir. Cəmiyyəti və ətrafı təşkil eləyənlərdə elə insanlardır və o İnsanları da valideynlər yetişdirir. Uşaqlara həqiqətən “sevgini” öyrədə bilsələr hərşey öz yolunda olar”.

Aləmdə Nəsib- “Valideynin rolu az qala hər məsələdə ən önəmli faktordur”.

Sadəgül Cəfərova- “80 faiz valideyndədi, 10 faiz cəmiyyətdə, 10 faiz şəxsin özündə. Çünki valideyn düzgün formalaşdırsa, anlasa, ağrını sezsə, problem olmayacaq. Yəni əksər insanın valideynliyi anlamağına çox var. Çox məsuliyyətdi”

Tural Qasımov- “Valideynlər heç düşünmürlər ki, övladları onların nəzərində nə qədər böyük yanlış etmiş olursa olsun, yanlış etmək insanın, insan olmağın ən təməl xüsusiyyətdir. Bu dediyim yanlış etmək mövzusu patriarxal düşüncəli cəmiyyətdə yaşadığmız üçün təəssüf ki, ən çox qadınlara sirayət edir.İlk növbə də insanların beyinləri və dünya görüşlərin dəyişməlik”.

Gülər Seymurqızı- “İntihar edənlər çıxış yolu tapa bilmədikləri üçün bu addımı atırlar. Əgər problemlərini deyə biləcək biriləri olsa bəlkə bu addımı atmazlar. Nə qədər fikir bildirsək də, günahkar axtarsaq, məncə, hər şey situasiyadan asılıdır”.

Cavid Turablı- “Sözüm nə qədər qeyri etik çıxsa da deyəcəm. Valideynlər ölənə qədər həm yaratdıqları uşaqların həyatını cəhənnəmə çevirir, həm də böyük yük olur. Bunu aşma cəsarətini qazanmalıyıq”.

Mehman Ələkbərov -“İntihar bir qətldir.Qatil isə bütün cəmiyyətdir!”.

 

Psixoloq Aygün Ağabalıyeva

Psixoloq Aygün Ağabalayeva

Psixoloq Aygün Ağabalayeva deyir ki, intihara cəhd edib peşmanlıq yaşayanlar çoxluq təşkil edir:
“Mənə müraciət edən insanların 70%- i intihara cəhd edib, amma çoxu buna görə sonradan peşmanlıq yaşayır, bunun lazım olmadığını düşünürlər”.
Psixoloq bildirir ki, intiharlara meyil stressdən, gərginlikdən başlayır:
“Hər kəs intihara meyilli olmur. Düzdür, psixologiyası zəif olan insanlar düşdükləri vəziyyətə fərqli reaksiyalar verirlər. İntihara aparan yol gərginlik, stress və depresiyadan keçir. Bu halların müşahidə olunduğu insanlar deyirlər ki, bu hal məndə hansısa bir hadisədən sonra yarandı. Bu, yanlış fikirdir. Çünki gərginliyi, stressi yaradan baş vermiş hadisələr deyil, insanların hadisələrə yanaşma tərzləridir”.
Ekspertin sözlərinə görə, intihar haqqında düşünmək, intihar etmək insanların psixoloji vəziyyətindən, hadisələrə verdikləri reaksiyalardan və yanaşma tərzlərindən asılıdır: “Ailədə yaşanan, sevgi münasibətində yaranan problemlərə görə, universitetə qəbul olmadığına görə və s. bu kimi hallarda intihar baş verir. Ancaq bunu hamı etmir.
Hər intihara meyilli olan, intiharı dilə gətirənlər ölmək fikrində olmur. Elə şəxsiyyət tipləri (qayğıdan və diqqətdən kənar qalan insanlar) var ki, onlar diqqət çəkmək üçün bu addımı atırlar. Bu tip insanlar intihar planlarını bir yaxınına bildirirlər. Sanki bu yolla “gəl, məni qurtar mesajı verirlər, amma elə insanlar var ki, artıq bunu konkret düşünüb addım atırlar”.
Psixoloq qeyd edir ki, yeniyetmələrin intihara meyilli olmaları bu dövrün xüsusiyyətləri ilə bağlıdır:
“Yeniyetməlik dövrü “böhran periodu” , özünü təsdiqləmə dövrü sayılır. Özünü təsdiqləmə dövründə yeniyetmələrdə həm fizioloji, həm də psixoloji dəyişikliklər gedir. Yeniyetmələrimiz həmin dövrdə nə kiçik, nə böyük sayılırlar. Özlərini hər zaman haqlı görürlər. Yeniyetməlik dövründə mütləq şəkildə ailədə valideyn övlad arasında dost münasibəti olmalıdır ki, yeniyetmə hansısa bir narahatlığını valideyni ilə bölüşə bilsin. Valideynlər çox vaxt deyirlər ki, övladım üçün hər şey edirəm. Bu fikri söyləyən zaman isə həmişə maddi tərəfi üstün tuturlar, amma onlar unutmamalıdır ki, madiyyat çox şey olsa da, hər şey deyil. Övlada daha çox diqqət, qayğı, özgüvən yaratma və özgüvəni artırma gərəklidir. Hər bir insanın özünə inamı, özünə güvəni 16 yaşına qədər ailədə formalaşır. Bunu övladına valideyn aşılayır. Valideynin övladına münasibəti, onunla davranışı gələcəkdə cəmiyyətdə şəxsiyyət kimi formalaşması ailədən asılıdır. Ailə ilə övlad münasibətləri yaxşı olsa o, düşdüyü çətin vəziyyəti ailəsi ilə bölüşər, problemini həll etmək üçün alternativ yollar axtarar və ruhdan düşüb intihar kimi fikirlərə qapılmaz”.
Ekspert bildirir ki, intiharın əsas risk faktorlarından biri də özünə qapalı olmaqdır:
“Gənclərin çoxunda olan ümidsizlik, hər şeyin mənasız gəlmə hissi, monotonluq, həyatda heç nədən zövq almamaq və s. fikirlər özünə qapanmaya səbəb olur.
Burada daha çox intihar üçün risk faktorları psixikası zəif olan insanların emosional vəziyyətdə depressiv olmasıdır. Amma mən onu da vurğulayım ki, hər depresiyaya düşən insan mütləq şəkildə intihar edəcək deyə bir şey yoxdur. Çünki depressiv vəziyyətdən qurtulmaq mümkündür. Bunu yaxınları hiss edən zaman həmin insanı tək qoymamalıdırlar. Çalışmalıdırlar ki, o insanla vaxt keçirtsinlər. Görsələr ki, yox bununla bacarmırlar. O zaman mütəxxəssisə müraciət etmələri vacibdir”.
Psixoloqun sözlərinə görə, yeniyetmələr daha çox “Məni başa düşmürlər” , “mənim sözümə önəm vermirlər”, “mənə güvənmirlər” kimi şikayətlər edirlər.
Abituriyentlərlə bağlı məsələyə də toxunmaq istəyirəm. Valideynlər də uşaqlarla bərabər onlar universitetə hazırlaşan zaman həm maddi cəhətdən, həm də mənəvi cəhətdən əziyyət çəkirlər. Ancaq bu məsələdə valideynlərin uşaqlara düzgün yanaşmaması onların psixoloji gərginliyini daha da artırır. Müşahidə etdiyim elə bir hal olub ki, valideyn övladına deyir ki, “əgər sən qəbul olmasan, mən gördüyün o binadan özümü atacam”.
Ali məktəblərə hazırlaşan uşaqlar onsuz da gərgin olurlar. Valideynlərin bu cür söz və davranış şəkilləri isə onlara təsir edir. Elə qəbul olmayıb intihar edən gəncləri də özünə qəsdə bu kimi təhdidlər vadar edir.

Universitetə qəbul olmadığı üçün intihar edən Ruhin Bədəlov

Universitetə qəbul olmadığı üçün intihar edən Ruhin Bədəlov

Cəmiyyətdə yaranan bu “mübarizə”forması: “filankəsin uşağı bu qədər bal yığdı sən də yığmalısan”, “filankəs həkim oldu, sən də ol”… Bu kimi hallarda valideynlər uşaqlarının potensialını kəşf etməkdənsə, övladlarının nə istədiyini soruşmaqdansa, axına qoşulurlar. Bu da mənfi yöndən, öz arzularını yox, valideynlərinin arzularını yerinə yetirən uşaqlara çox təsir edir. Valideynlərin çox zaman övladlarına diqqət etməməsi, kənar fikirləri daha üstün tutaraq, övladlarını önəmsəməmələri də intihara meyillilik yaradır”.
Psixoloq vurğulayır ki, səbəb intiharda əsas insanın özünün şəxsi keyfiyyətləri rol oynayır: “Bu şəxsi keyfiyyətlərin yaranması, güclü xarakter, özgüvəni də valideyn yaratmalıdır. Hər insan intihara meyilli olmur. Baxmayaraq ki, çox çətin vəziyyətlə üzləşir, bəlkə də başqası üçün çıxılmaz bir problemi olur, amma yenə də alternativ çıxış yollarını tapır və vəziyyətdən çıxır. Olanlara fərqli yanaşır. Son olaraq qeyd etmək istəyirəm ki, yaxşı olar ki televiziyalar da intiharları göstərməkdənsə bununla bağlı maarifləndirmə verilişləri nümayiş olunsun. Həm valideynlər, həm də uşaqlar maariflənsin”.

Hamı üçün həyatındakı insanların və əşyaların dəyəri müxtəlifdir. Hər kəs üçün eyni olan öz canını sevməsidir. Nələrisə sevməyə, bəyənməyə bilərsiniz, amma bunu özünüzdə saxlayın. Bütün insanlar güclü deyil, canlarına qıyırlar. Bizim əlimizlə öldürürlər özlərini. Buna imkan verməyək!

Aytəkin CƏLALİ