İradə insanın inkişaf etməsində təkcə təsiredici rola malik olmayıb, hətta özü də inkişafa malik olan bir anlayışdır. İnsan iradəsinin inkişafı müxtəlif amillərdən asılıdır. Bu amillər ümumi mühit və bioloji amillər adı altında iki qrupa bölünür.
İradənin özü iki cür işləyir: 1) ixtiyari şəkildə, 2) qeyri-ixtiyari şəkildə.
Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Yəni onların dəqiq planı yoxdur. Bura qorxu, çaşqınlıq, affekt halında heyrət və s. hərəkətləri aid etmək olar.
İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədyönlü hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirən insan şüurlu şəkildə öz məqsədlərini həyata keçirir. Bunlar iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri dəf edir, məqsədinə nail olmaq üçün səy göstərir. Bu proses iradə adlanır.
İradi işlər iki qrupa bölünür: Sadə və mürəkkəb.
Sadə – İşin icrası və qəbulu ilə başa çatır.
Mürəkkəb – Bu zaman qərarın qəbulu və icrası bir neçə mərhələdən keçir. Burada məqsəd, motivasiya, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruridir.
İradi iş zamanı iki cür maneə olur: Daxili ( subyektiv ) və xarici ( obyektiv ).
İnsanın bir şəxsiyyət olaraq iradəsinin fərqinə varması və bundan istifadə etməsi şəxsiyyətinin iradi keyfiyyətlərinin formalaşmasında mütləq rol oynayır. Hətta demək olar ki, iradə canlı varlıq olan insana bir hədiyyədir .
Psixoloq Xanım Bəşirli