ABŞ-da prezident Donald Tramp haqda daha bir kitab çapdan çıxıb. Bu dəfə Ağ evdə akreditə olunmuş jurnalist Bob Vudvordun “Qəzəb” adlı kitabında Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşləri və münasibətləri barədə özəl məlumatlar paylaşılır. Bu məlumatları müəllifə vaxtilə Tramp özü çatdırıb.

Bob Vudvord Trampın ona Kim Çen Inla necə yaxşı anlaşdığını danışdığını yazır. “Mən onun çox xoşuna gəlmişəm. O da mənim xoşuma gəlir. Biz biz yola getmirik. Bu o demək deyil ki, mən sadəlövhəm. Bu o demək deyil ki, mən bizim aramızda hər şeyin gözəl və hamar olacağını düşünürəm. O, səhvə yol verən oğlan deyil. Və o, ağıllıdır, çox ağıllıdır”,-Tramp Vudvordun kitabı üçün ona verdiyi 18 müsahibədən birində deyir.

Habelə Tramp bildirir ki, Şimali Koreya lideri görüşlərdə ona “hər şeyi danışır”. ABŞ prezidentinin dediklərindən sitat: “Mən onun haqqında hər şeyi bilirəm. O, öz dayısını öldürüb və meyitini birbaşa parlamentarilərin keçdiyi pilləkənlərin üstünə qoyub. Başı kəsilib və sinəsinin üstünə atılıb. Sizcə bu qəddarlıqdır? Bilirsiniz, hamı düşünür ki, bizim siyasətdə hər şey qəddardır”.

Kim Çen Inın dayısı, Şimali Koreyada yüksək vəzifə tutan Çan Son Txekin xüsusi qəddarlıqla öldürüldüyü haqda xəbərlər 2013-cü ildə yayılmışdı. O vaxt bildirilirdi ki, Kim Çen In dayısını vəhşi köpəklərə atıb və diri-diri parçaladıb. Daha sonra isə onun dayısını pulemyotla güllələdiyi bildirilirdi.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri bir neçə dəfə görüşüblər. Bu danışıqlarda məqsəd Pxenyanın nüvə silahından tərksilah edilməsi idi. Lakin danışıqlar uğursuz nəticələnib.