Müasir dövrün ən aktual problemlərindən biri xəyanətdir. Hətta boşanma səbəbləri arasında – ailədaxili
şiddətdən sonra ikinci yerdədir. Xəyanət xoşbəxt münasibətlərin hakim olduğu ailələrdə də ola bilər.
Bəs, xəyanətin baş vermə səbəbləri nələrdir?
Öncəliklə, qeyd etmək lazımdır ki, burada bir sıra faktorlar nümunə gətirilə bilər:
1. Ən başlıca səbəb “öz fərdi fikirlərimiz”dir. Yəni, necə? Daimi şəkildə “yoldaşım mənə xəyanət edir,
məni aldadır, məni sevmir” ifadələri istifadə etməklə. Nəyi düşünəriksə, nədən qorxarıqsa elə o baş
verər. Hətta “qorxan gözə çöp düşər” də buna misaldır.
2. “Mən ona çox güvənirəm, o məni atıb gedə bilməz”. (Əslində içimizdə böyük bir qorxu var. Hər an
çıxıb getsə? Nə olacaq? Mən nə edəcəm? Ən yaxşısı müsbət düşünüm, müsbət olsun.
3. “Emosional aclıq”, yəni sevgi hissinin əskikliyi. (Bu hal daha çox qadınların xəyanəti zamanı
müşahidə olunur. Yoldaşım mənimlə maraqlanmır, kifayət qədər məni sevmir)
4. Cinsi aspektdən baş verən xəyanət. (Daha çox kişilərin xəyanəti zamanı qarşılaşırıq. Yeni
həyəcanverici münasibət)
5. Cütlüklər arasında daimi şəkildə yersiz mübahisələr, münaqişələr. Hər xırda problemi böyüdüb
yenidən danışmaq. (Bu cütlükləri bir-birindən uzaqlaşdıran başlıca səbəblərdən biridir)
Kişilərdə və qadınlarda xəyanətə baxış bucağı
Qadınlar üçün yoldaşının sosial mediada başqa qadınla danışması xəyanətdir. Yoldaşı isə “o, sadəcə
mənim dostumdur” deyərək məsələnin üzərindən keçir. Qadınlar və kişilər məsələyə daha fərqli cəhətdən baxır.
Necə davranmalı?
Xəyanət ailədə baş verən elə situasiyadır ki, bu zaman ailə tamamilə dağıla bilər və yaxud yenidən birləşə bilər. Bu, hər iki tərəf üçün də olduqca çətin bir yoldur. Sevən tərəf üçün bir pillə daha mürəkkəb olur. Xəyanət edən tərəfdə sonradan yaranan “peşmanlıq hissi” də olduqca ağır vəziyyətdir.
Cütlüklər xəyanətlə qarşılaşdığı zaman “davam, yoxsa tamam?” sualına dərin, ətraflı cavab axtarmalıdır. Sonra qərar verə bilərlər. Əgər ortada övladlar varsa bu evliliyi gözdən keçirib qərarlarını daha sonra verə bilərlər.
Psixoloq Xanım Bəşirli