Cənubi Danimarka Universitetində bir qrup tədqiqatçının yeni araşdırması kişi və qadınların ömrü ilə bağlı uzun müddətdir mövcud olan fikirləri yenidən müzakirəyə açır.
Tədqiqatçılar “qadınlar kişilərdən daha uzun yaşayır” anlayışının tamamilə doğru olmadığını və kişilərin 25-50%-nin əslində qadınlardan daha uzun yaşadığını müəyyən edirlər.
Danimarka Universitetinin Əhali Dinamikası üzrə Mərkəzi tərəfindən aparılan təqdiqatda 199 ölkədən toplanmış 200 illik məlumatlarla kişi və qadınların ömrü araşdırılır.
Araşdırmanın nəticələrinə görə evli və ya ali təhsilli kişilərin qadınlardan uzun yaşamaq ehtimalı yüksəkdir.
Tədqiqatçılar araşdırdıqları ölkələrdə hər 4 kişidən 1 və ya 2 nəfərinin qadınlardan daha uzun yaşadığını müəyyən ediblər.
Təhlilin nəticələri onu da göstərir ki, kişilərin qadınlardan daha uzun yaşaması ehtimalı 1970-ci illərə qədər inkişaf etmiş ölkələrdə azalıb, sonra isə dünyanın hər yerində olduğu kimi artmağa başlayıb.
Ekspertlər onu da qeyd edirlər ki, aşağı və orta gəlirli ölkələrdə kişilərin qadınlardan çox yaşamaq ehtimalı artır.
Digər bir tərəfdən mütəxəssislər qeyd edirlər ki, 20-30 yaşlarında kişilər daha çox içki içir və siqaret çəkir, buna görə də, 60 yaşlarında daha çox ölüm halları baş verir.
Cütlüklərin bir-birlərinin davranışlarına təsir etdiyini də deyən araşdırmaçılar kişilərin ümumiyyətlə, sabit münasibət və evlilik içində olmağı qadınlara nisbətən daha faydalı hesab etdiyi və bunun onların ömür müddətinə təsir etdiyini bildirirlər.
Tədqiqatçılar ümumilikdə qadınların hələ də kişilərdən daha uzun ömür sürdüyünü, lakin fərqin əvvəlcədən düşünüldüyündən çox az olduğunu deyir və daha effektiv ölçmək üçün ölkələr üzrə məlumatları təhlil etməyi tövsiyə edir.