Obsessiv Kompulsiv Pozuntu ölkəmizdə daha çox vəsvəsə, təmizlik xəstəliyi, sofuluq olaraq, köhnə ədəbiyyatlarımızda isə Sarışan Hallar Nevrozu olaraq bilinən xəstəliyin günümüzdəki adıdır.
Bu pozuntu xəstənin tez-tez rastlaşdığı istənmədən gələn təkrarlanan, narahat edən düşüncə və çox vaxt rahatlamaq üçün edilən təkrarlanan davranışlarla xarakterikdir. Bir çox halda bu düşüncələr təmizlik, kontrol etmə, dini düşüncə və buna uyğun davranışlarla özünü biruzə verir.
Obsessiv Kompulsiv Pozuntu kimlərdə olur?
Cinsiyyətindən, sosiyal vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilir. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata əsasən hər 1000 nəfərdən 12-si bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da təxminən 12000-ə yaxın insan bu xəstəlikdən əziyyət çəkməkdədir.
Xəstələrdən bəziləri öz şikayətlərini aşağıdakı kimi ifadə edir
*Digər insanlardan nəsə almaqdan qorxuram. Mikroblarla evim bulaşmasın deyə saatlarla evin künc bucaqlarını təmizləyir, əllərimi gün ərzində dəfələrlə yuyuram. Mümkün olduğu qədər evdən çıxmamağa çalışıram, çünkü qayıdıb gələndə edəcəyim təmizlik saatlarla çəkir və yoruluram. Həyat yoldaşım və uşaqlarım evə gəldikdə harada olduqlarını ən xırda detalına qədər soruşuram. Bütün paltarlarını dəyişmələrini, əllərini sabunla çox yaxşı yumalarını istəyirəm. Bu dediklərimi edənə qədər evin təmizlədiyim heç bir yerinə toxunmamalarını istəyirəm. Bilirəm ki, bu düşüncələrim doğru deyil, ancaq beynimdən də çıxarda bilmirəm. Bu problemlərim yoldaşımı və uşaqlarımı çox yorur.
*Mənim bütün vaxtım evdə, işdə nəyinsə yolunda getməyəcəyini yoxlamağa sərf etməklə keçir. Səhər saatlarında evdən çıxmaq üçün 1 saat vaxt lazımdır, çünki qazı bağladığımdan, işıqları söndürdüyümdən, pəncərələri bağladığımdan tam əmin ola bilmirəm, dəfələrcə yoxlayıram. Bəzən tam əmin olmaq üçün qazı təkrar yandırıb söndürürəm, ancaq bu bəs etmir, 5 dəfə, bəzən 7 dəfə təkrarlayıram. Hətta nəsə yolunda getməyəndə bütün yoxlamalarımı təkrar etmək məcburiyyətində qalıram. Sonda mənimlə evdən çıxan başqa bir nəfər də varsa, bir də onun yoxlamağını istəyirəm. İşdə səhv etdiyimi düşünsəm belə, eyni şeyləri təkrar etdiyim üçün hamıdan geri qalıram. Əgər bütün bu yoxlamaları etməzsəm, rahat ola bilməyəcəyimi düşünürəm. Mən bilirəm ki, bu fikirlər başqalarına gülməli gəlir, ancaq düşünürəm ki, bunları yoxlamazsam və buna görə nəsə hadisə baş versə, mən günahkar olacam.”
Obsessiv Kompulsiv Pozuntunun müalicəsi varmı?
Obsessiv kompulsiv pozuntu (Sarışan Hallar Nevrozu) bəzən kronik hala keçsə də, bir çox insan bu xəstəlikdən tam olaraq qurtulur. Müasir müalicə yanaşması dərmanla və ya psixoterapiya ilədir, kronik hala keçən xəstələrdə isə həm dərman, həm də psixoterapiya birgə həyata keçirilir.
Amilə Hümmətova