Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür.

Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.

Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan INSAFE (European Safer Internet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir. INSAFE – Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. INSAFE təşkilatı Avropanın 26 ölkəsinin təhsil nazirlikləri nümayəndələrinin daxil olduğu European Schoolnet konsiliumu tərəfindən idarə edilir.

Beynəlxalq Təhlükəsiz İnternet Günü

Bəs internetdən təhlükəsiz şəkildə istifadə üçün nə etmək olar? 

  • Hər bir yerdə, hər bir sahədə şifrələrinizin sistem tərəfindən verilən “default” şifrələr olaraq qalmamasına diqqət edin! (serverlərdə, saytlarda, maillərdə, proqram təminatlarında, internetə bağlandığınız modemlərdə, routerlərdə, access-pointlərdə, Wi-Fi, kompüterlərdə, telefonlarda, Smart TV-lərdə, və s.)
  •  Şifrələrinizi seçərkən klaviaturada düzülən ardıcıl hərf, rəqəm, simvollardan istifadə etməyin!
  • Şifrələrinizdə şəxsi məlumatlar istifadə etməyin! (telefon nömrələri, ad, soyad, doğum tarixi, yaşadığı yer, maşın nömrəsi, markası, övladınızın adı, telefon markası, ləqəbiniz və s.)
  • Müxtəlif hesablarda eyni şifrələrdən istifadə etməyin! (Bir çox insan müxtəlif maillərində və ya hesablarında eyni şifrələri istifadə edirlər. Bu isə yolverilməzdir)
  • Şifrələrinizi mütamadi olaraq dəyişin! Normal dəyişilmə müddəti 3 ay nəzərdə tutulur.
  • Hər hansı bir internet resursunu bir yerdən başqa yerə keçirərkən mütləq şifrələrini dəyişin və əvvəlki serverdən “backup”ınızı silin!
  • Şifrələrinizi heç bir zaman kağıza yazıb kompüterinizin ekranına yapıştırmayın!
  • Şifrələrinizi heç bir zaman hər hansı .txt, .word, .xls və s. fayllara yazıb kompüterinizdə saxlamayın!
  • Şifrələrinizi heç bir zaman browser-lərinizin keşində saxlamayın! (avtomatik browser yaddaşında)
  • “Doubleauthentication” (ikiqat identifikasiya) olan sistemlərdən istifadəyə üstünlük verin! Məs.: Şifrə + sms xəbərdarlıq xidmətindən istifadə edə bilərsiniz.

Bütün bunları nəzərə almaqla, internet istifadəsi zamanı daha az təhlükə ilə qarşılaşa bilərsiniz.

 

Mübariz Zəki