Bildiyimiz kimi son illər boşanma halları artıb. Təkcə 2019-cu ildə 17148 boşanma halları qeydə alınıb. Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan çəkir. Tərəflər arasında anlaşmazlıq pik həddə çatıbsa, boşanma qaçınılmazdr. Ancaq uşaq varsa bu halda valideynlər çox diqqətli olmalıdırlar.
Boşanmalar uşaq psixologiyasına necə təsir göstərir? Valideynlər boşanmanı uşaqlara necə açıqlamalıdır? Bu durumda uşaqları yaşadıqları psixoloji sarsıntıdan necə çıxarmaq olar?
Bütün bunların cavabını BDU-nun sosial və pedaqoji psixologiya kafedrasının müəllimi, Psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev Bilgisel.az saytı ilə bölüşdü:
“Boşanmalar uşaq psixologiyasına necə təsir göstərir – qeyd edim ki, ailə hər bir uşağın həyatında mühüm yer tutur. Bu baxımdan valdeynlərin ayrılması uşağın həm indi, həm də gələcəkdə psixoloji vəziyyətinə əhəmiyyətli formada təsir göstərir. Ailənin dağılmasından təkcə cütlüklər deyil, həm də uşaqlar əziyyət çəkir. Ailədə boşanmaların baş verməsi uşaqlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bunlara misal olara qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb və s. kimi destruktiv emosiya və hissləri misal göstərmək olar. Bu cür destruktiv və dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük, özünə inam hissi aşağı düşür, özünəqapanma baş verir. Bu isə istər-istəməz onun ətrafdakı insanlarla münasibət qurmasına, gələcəklə bağlı planlarına mənfi təsir göstərir”.
Boşanma zamanı əks tərəfi günahlandırmayın
Psixoloq boşanma zamanı bunu uşağa açıqlamaq üçün bir sıra faktorları nəzərə almağı məsləhət görür:
“Bura uşağın yaş xüsusiyyətləri, fərdi-psixoloji keyfiyyətləri və s. aiddir. Mütəxəsisslər belə hesab edirlər ki, uşaqlara boşanma haqqında onların başa düşəcəyi dildə danışmaq lazımdır. Bu zaman ən ideal variant odur ki, boşanmanın səbəbləri haqqında hər iki valdeyn bir yerdə övladlarına məlumat versin. Bu mümkün olmadıqda isə valdeynlərdən biri uşağın başa düşəcəyi tərzdə uşaqla danışmalıdır. Bu zaman bir sıra psixoloji şərtlər gözlənilməlidir. Birincisi, uşaqla danışanda çalışmaq lazımdır ki, boşanmada əks tərəfi günahlandırmayasan. İkincisi, başa salmaq lazımdır ki, onlar ayrılsalarda hər ikisi onu yenə də onu sevir”.
Uşağın aktiv sosial həyat tərzini təmin edin
Müşviq Mustafayev boşanma zamanı travma yaşayan uşaqlara davranışda vahid reseptin olmadığını bildirib: “Təssüf ki, boşanmalar zamanı uşaqların psixoloji travmadan uzaq tutulması ilə bağlı vahid resept yoxdur. Lakin bu prosesin nəticələrini yumşaltmaq üçün bir sıra qaydalara əməl etmək mümkündür. Bunun üçün ilk növbədə uşağın aktiv sosial həyat tərzini təmin etmək zəruridir. Bu onun kədərli fikirlərdən uzaq durmasına, eyni zamanda özünüqiymətləndirməsinin yüksəlməsinə səbəb olacaq. Çalışmaq lazımdır ki, uşağın həyatında, yaşam tərzində kardinal dəyişikliklər baş verməsin. Yəni əvəllər olduğu kimi eyni evdə yaşasın, eyni uşaqlarla dostluq etsin, eyni məktəbə getsin. Bu cür yanaşma uşaqda həm indi , həm də gələcəkdə psixoloji problemlərin yaranma riskini aradan qaldırır. Bunlarala yanaşı mütamadi olaraq bu sahənin mütəxəssi ilə əlaqə saxlayıb məsləhətlər almaq da zəruridir”.
Aytəkin Cəlali