Son illərdə Telegram və Signal kimi rəqiblərinə xeyli sayda istifadəçi itirən WhatsApp 2022-ci ildə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün bəzi addımların atılacağını bildirib. Bu istiqamətdə əməliyyat sistemləri arasında məlumat ötürülməsi kimi bəzi yeniliklər gördük. Yaxın zamanlarda isə WhatsApp üç yeni məxfilik funksiyasının gələcəyini elan edib.

Bunlardan birincisi qruplarla bağlıdır. Artıq istifadəçilər istəyərsə, yalnız qrupun admininə bildiriş gedəcək formada qrupdan çıxa bilər. Digər üzvlər isə qrupdan çıxanları görmək üçün üzvlər siyahısına baxmalıdır.

İkincisi onlayn olduğunuzu gizlədə biləcəksiniz. Bir çox insanlar işlərinin bir hissəsini WhatsApp kimi mesajlaşma platformaları üzərindən həyata keçirirlər. Ancaq onlayn olduğunu görənlər uyğun olduğunu düşünüb söhbət etmək üçün yaza bilir. Yeni özəllik belə istifadəçilərin işinə yarayacaq. Bu özəllik imkan verəcək ki, artıq müəyyən etdiyiniz insanlar sizin onlayn olduğunuzu görə bilsin.

Son olaraq isə Telegram-da uzun müddətdir olan xüsusiyyətin Whatsapp-a gələcəyi bildirilir. Bu yenilik imkan verəcək ki, artıq göndərdiyiniz fotoların o şəxsdən başqa kimsəyə çatmayacağından əmin olasınız. Məsələn, bir foto göndərdiyiniz zaman qısa müddətlik görülməsini tənzimləsəniz belə ekran görüntüsü çəkilə bilər. Ancaq artıq ekran görüntüsü çəkilməsini də əngəlləmək mümkün olacaq.