Artur Şopenhauer  1788-1860-cı illər arasında yaşayıb. O, Pessimist alman filosofu kimi tanınır.
Tarixdə ən çox öyrənilən 100 şəxsiyyətdən biri olan Artur Şopenhauer hesab edirdi ki, dünya yalnız zəka ilə dərk edilər bilər. “Dünya təsəvvür və iradə kimi” əsəri Şopenhaueri dünya fəlsəfəsinə bəxş edib. O, həmçinin, “Sevginin metafizikası”, “Oxumaq, Yazmaq və Yaşamaq haqqında”, “Elm və Hikmət”, “Müzakirə sənətinin incəlikləri”, “Heç bir şeyin xoşbəxt sükutu” əsərlərinin də müəllifidir.
Artur Şopenhauer əsərlərini qələmə alarkən demək olar ki, fəlsəfənin bütün maraq dairələrinə toxunub. O, yazılarında sevgi, ölüm, əxlaq, din, həqiqət, yalan, kişilər və qadınlar, musiqi və s. mövzulara aid öz fikirlərini qeyd edib.

İnsanların təməlini təşkil edən üç anlayış: Eqoizm, Qəddarlıq və Mərhəmət

Artur Şopenhauer

Artur Şopenhauer

Artur Şopenhauer Əxlaq fəlsəfəsini yazmamışdan qabaq iradə haqqında öz fikirlərini qeyd edirdi. İradəni ümumi olaraq bir yaşamaq, var olmaq istəyi adlandırır, davamlı olaraq bütün fikirlərin yaşamağa yönəldiyini yazırdı.
“Zəka kimi əxlaq də öyrədilə bilməz” deyən Şopenhauer bildirmək istəyirdi ki, necə ki, insanlarda zəka öz-özünə meydana gələn bir üstünlükdür, xoşagələndir əxlaq da belə olmalıdır və onu insana kimsə öyrədə bilməz. Biz ətrafda baş verənlərdən, olduğumuz mühitdən öyrəndiklərimiz ilə özümüzdə əxlaq anlayışını formalaşdırmalı və ya həmin durumda ətarfaımızda hökm sürən əxlaq anlayışına uyğun davranmalıyıq. Əxlaq sistemlərinin və əxlaq fəlsəfəsinin düzgün, yetişkin, əxlaqlı insan formalaşdıracağını düşünmək estetik, gözəllik üzərinə yazılmış kitabların heykəltaraşlar, bəstəkarlar, rəssamlar və s. sənət-peşə sahibləri yaradacağını düşünmək qədər mənasızdır. Və sadəlöhvlükdür.

Artur Şopenhauer əxlaq fəlsəfəsini haqqında öz fikirlərini qələmə alarkən əsas 3 anlayışın üzərində dayanır:

Eqoizm – öz xeyrindən başqa bir şey düşünməmək
Qəddarlıq – başqasının pisliyini istəmək və bundan həzz almaq
Mərhəmət –başqasının xeyrini istəmək, onların pis durumlarına acımaq
İnsanların hərəkətləri bu 3 təməldən ibarətdir. Bizim davranışlarımız bu 3 təməldən ən azı birinə söykənir. Eyni zamanda ikisini də özündə ehtiva edə bilər. Şopenhauer fəlsəfənin bu aspektinə toxunarkən qeyd etdiyi 3 təməldən daha çox ikisi haqqında danışır: eqoizm və mərhəmət.
Eqoizm çox diksindiricidir. İnsanlar utancverici hallarını gizlətmək üçün “nəzakət” anlayışını yaradıblar. Amma bu mövzuda çox da uğurlu olduqlarını deyə bilmərik. Bizlər nə qədər çalışsaq da, eqoizm bəlli nöqtələrdə özünü büruzə verir. Eqoist insanlar həyatda yeni bir insan ilə qarşılaşdıqlarında ilkin olaraq ondan nə əldə edə biləcəklərini düşünürlər. Faydalı deyilsə, o insana dəyər verməzlər. Elə bu nöqtədə eqoizmi bütün çılpaqlığı ilə görə bilərik.
İnsan eqosunun sərhədləri yoxdur

Eqoizm

Eqoizm

Eqoizmin bir sərhədinin olmadığını düşünən Artur Şopenhauer yazırdı ki, insanların tək bir mütləq istəyi var: həyatdakı bütün çətinliklərdən sıyrılmaq, bacardıqca xoşbəxt və rahat olmaq və həyatdan zövq duymaq. İnsan hiss etdiyi hər bir duyğunu daha da incə hala gətirmək, onu daha çox yaşamaq istəyir. Məqsədlərini həyata keçirərkən eqosundan istifadə etməyə başlayır. Yolunda ona əngəl yaradan hər şeyə nifrət edir və onu məhv edilməsi vacib olan bir düşmən kimi görür.
İnsan davranışlarının ikinci təməli olan qəddarlıq bir növ eqoizmin şəkildəyişmiş formasıdır. İnsan davranışları bunlardan birinə söykənirsə, digəri mütləq ki fəaliyyətdə olur. Yuxarıda qeyd etdiyimiz kimi, insan ona əngəl yaradan məfhumlara nifrət edərkən, onları məhv etməyə çalışarkən, davranışların bir çoxunda qəddarlığa rast gələ bilərik.
Mərhəmət vicdanın inkar edilməsi mümkün olmayan bir özəlliyidir. Mərhəmət vicdanla birbaşa bağlıdır və ondan törəmə bir hisdir. Bu duyğu təbiətin elə bir məhsuludur ki, o əzəldən, dəyişdirilməmiş və kənarlaşdırıla bilməyəcəyimiz şəkildə mövcuddur. Ona hər zaman hər yerdə rast gələ bilərik. Mərhəməti olmayan insan insan deyil. Hətta bəzən mərhəmət və insan sözləri yaxınmənalı sözlər kimi hesab edilir.
Sonda isə Şopenhauerin dinlə əxlaq arasındakı kiçik əlaqələndirməsinə baxaq.
“Dini düşüncələrdən meydana gələn hər bir yaxşı hərəkətin bir qarşılığı olduğu və ya hər hansı bir cəzadan qorxulduğu üçün edildiyini və bunların tam əxlaqi dəyər daşımadığını demək heç də yalnış olmaz.”

 

Əli Eynəliyev