Bu ildən Cəmilə Çingizqızının rəhbərlik etdiyi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nəzdində “Mənim Dünyam” mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin mətbuat xidmətindən Bilgisel.az-a verilən məlumata görə, bir qrup fəal gəncin təşəbbüsü ilə yaradılıb. Bu mərkəzin əsas məqsədi sosial problemlərin həllinə yardım, sosial məsələlərlə bağlı həssas qruplara dəstək, könüllü komandanın yaradılması ilə sosial işin təşkilini daha da genişləndirməkdir.
“Bu mərkəzin yaradılması təklifi bir qrup gənc tərəfindən gəldi. Gənclərə dəstək olmaq bizim İB məqsədlərindəndir. İctimai Birlik olaraq bir qrup fəal gənclərlə görüş keçirdik, məqsədlərini öyrəndik və bu mərkəzin yaradılmasını düşündük. Məqsədləri sosial işin genişlənməsi, xeyriyyəçilik, könüllülük fəaliyyəti istiqamətindədir”, Cəmilə Çingizqızı bildirib.
Mərkəzə rəhbər kimi səs çoxluğu ilə uzun illər könüllü fəaliyyət göstərən, hər zaman yardım və xeyriyyə işləri görən bir çox departament, qurum, federasiyalarda könüllərin kordinatoru olan İbrahim Məmmədov seçilib. O, Günel Hüseynova ilə bərəbər gənclərdən ibarət komanda formalaşdırmağı bacarıb. İctimai Birliyin sədri onlara fəaliyyətlərində uğurlar arzu edib: “İnanırıq ki, “Mənim Dünyam” mərkəzinin fəaliyyəti cəmiyyət üçün yararlı olacaq”.