Fəlsəfə üzrə elmlər doktoru, tanınmış professor Əbülhəsən Abbasov Sosial Tədqiqatlar Mərkəzinin televiziyasının qonağı olub. O, Azərbaycanın siyasi arxitekturası, Azərbaycan elminin durumu və bir sıra digər aktual məsələlərlə bağlı STM televiziyası əməkdaşlarının suallarını cavablandırıb.
Azərbaycanın məşhur filosofunun həmin müsahibəsini bilgisel.az oxucularına da təqdim edirik:
– Siyasi sistemin vacib elementlərindən biri partiyalardır. Azərbaycan çoxpartiyalı sistemə keçə bilibmi?
– Bizdə ümumilikdə götürdükdə, partiyalaşma artıq üç onilliyə yaxındır gedir. Deyə bilərik ki, Azərbaycanda çoxpartiyalılıq şəraiti var. Ancaq “çoxpartiyalılıq sistemi var” deməyə ehtiyatlanmalıyıq. Çünki söhbət sistemdən gedirsə, onun artıq strukturunda funksional kontekstdə tərkib elementləri olmalı, onların koordinasiya əlaqələrinin mükəmməl, müəyyən qanunauyğunluqlar səviyyəsində qarşılıqlı əlaqəsi oturuşmuş olmalıdır. Bu baxımdan, bizdə “sistem var” demək çətindir. Sistemə doğru irəliləyiş var, ancaq ağır gedir.
Çoxpartiyalı şəraitdən çoxpartiyalı sistemə keçid bir sıra mühüm əsaslarla – nəzəriyyəylə, metodologiyalarla, sistemləşmənin fəlsəfələşməsiylə, elmlə bağlıdır. 1995-ci ildə Heydər Əliyev xarici müxbirlərə müsahibə verən zaman müxalifətlə, siyasi təşkilatlarla bağlı suala cavab olaraq bir mühüm məqamı vurğulamışdı. Bildirmişdi ki, prezident olaraq anlaya bilmir ki, onların nəzəriyyələri nədən ibarətdir.
Nəzəriyyə bəlli olanda əsas ideyalar, prinsiplər, aparıcı imperativlər müəyyən olur. Bu, ciddi bir mesaj idi partiya liderlərinə ki, əsas nöqsan nəzəriyyəsizlikdir.
Təəssüflər olsun ki, ortada qalan nəzəriyyə, metodologiya məsələləri indi də həll olunmamış qalıb. Faktiki, əksər partiyaların mükəmməl, oturuşmuş nəzəriyyələri, proqramları yoxdur. Onlar demokratiya, insan haqları kimi ayrı-ayrı keçici sözlər, dəbdə olan ifadələrlə mətn tərtib edirlər ki, bu da nəzəriyyə deyil.
Bu problem digər praktiki müstəvilərdə də fəsadlar yaradır. Nəzəriyyəsizlik nəinki iqtidar-müxalifət arasında, hətta elə müxalif düşərgənin özünün bir-birinə münasibətində, əlaqələrində də özünü göstərir. Onlar dəfələrlə birləşmələr, koalisiyalar yaradıblar, ancaq uzunömürlü olmayıb, cəmiyyətə fayda verməyib. Kökü sadaladığımız məsələlərdən qaynaqlanır.
Siyasət elmiylə məşğul olan biri kimi, bu məsələ məni qayğılandırır. Mənim rəhbərliyimlə siyasi təşkilatlanmayla bağlı namizədlik müdafiə edənlər var. Mən cəmiyyətimizə, dövlətimizə kömək üçün bu mövzuları vermişəm. Ancaq əfsuslar olsun ki, partiyalar ortada olan materiallardan da faydalanmırlar.
Problem islahatlarla bağlı məsələdə də özünü göstərir. Əgər söhbət köklü, sistemli islahatlardan gedirsə, bu islahatların əsas, aparıcı qüvvələrindən biri siyasi partiyalar, təşkilatlar olmalıdır. Ancaq partiyalar hərəsi bir nəğmə oxuyur. Bəzilər elə əvvəlindən indiyə qədər “islahatdan söhbət gedə bilməz”, “aldatmadır” mövqeyi tutur, bir qismi isə hansısa formada bu islahatları dəstəkləsələr də, onların addımları nəzəriyyə olmadığı üçün effektiv dəstəyi göstərə bilmir.
– Dövlət kimi aydın proqrama malik olmağımız üçün ideologiya səviyyəsində bir konsepsiyamız olmalıdır. İdeologiyamız nə olmalıdır? Ziyalılar bu məsələlərdə hansı rolu oynamalıdır? Bir qədər də demokratik cəmiyyət və ideologiya bağlılığı barədə danışaq…
– Uzun müddət azərbaycançılıq ideologiya kimi təqdim edilirdi. Ancaq azərbaycançılığın ideologiya kimi verilməsi düzgün deyildi. Çünki bu, sadəcə əsas atributiv bir elementdir, daşıyıcı prinsiplərdən biridir.
İdeoloji sistemin aparıcı prinsipləri, şərtləri olur. Mən ilk dəfə olaraq, təkcə azərbaycançılığı yox, digər prinsipləri də kitabımda vermişəm, Azərbaycan ziyalıları tərəfindən çox yaxşı qarşılanıb. Əfsuslar ki, bu məsələyə rəsmi səviyyədə cavabdeh adamlar indi ardıcıl bəyanatlar verir. Mən öz yaradıcılığımı uzun müddət bu istiqamətə həsr etmişəm.
Oxucular üçün vacib olan məsələləri qeyd etmək istərdim. 80-ci illərin sonlarından başlayaraq, Azərbaycanı istəməyən qüvvələr tərəfindən ortaya “Demokratiyadan söhbət gedirsə, nə ideologiya ola bilər?” kimi fikirlər atıldı… Əslində isə elə bir cəmiyyət yoxdur ki, onun özünün ideologiyası olmasın. İdeologiyasız cəmiyyət başsız insana oxşayır. İdeologiyasız cəmiyyət heç bir addım ata bilməz. Ən aparıcı, sivil cəmiyyətlərdə işlənmiş, professional ideologiyalar var. Ancaq həmin vaxt bizdə qəbahət sayılırdı ideologiyadan danışmaq, az qala. Bunun təsiridir ki, fəlsəfə kitablarında ideologiyayla bağlı bir səhifə də yoxdur.
Mən çalışmışam ki, Akademiyanın doktorantları, dissertantları üçün proqramlar hazırlayanda bu mövzunu nəzərə alım, salım. Bu məsələ həm fəlsəfi, həm sosioloji, həm iqtisadi, həm psixoloji və s. müstəvilərdə ardıcıl təbliğ, təşviq olunmalı, durmadan öyrənilməlidir. Əfsuslar olsun ki, bizim ortaya qoyduğumuz, işlədiyimiz nəticələr aidiyyəti qurumlar tərəfindən diqqətə alınmayıb. Mən özüm öz ad, soyadımla Prezident Administrasiyasına ideologiyayla bağlı bir neçə dəfə məktub yazmışam. Onun fəlsəfi nüvəsini, aparıcı prinsiplərini bildirmişəm. Təəssüflər olsun ki, nə məni dəvət edib bunu soruşan olub, nə də bir reaksiya verilib. Prezident özü də son çıxışlarının birində bildirmişdi ki, ona gələn materiallar çatdırılmayıb. İndi anlayıram ki, məqsədyönlü şəkildə bu məktubları çatdırmayıblar. Çünki o ideologiyalar, nəzəriyyələr ortaya çıxanda, müəyyən vəzifəsinə uyğun gəlməyən adamlar geri çəkilməlidir. Onlar bu müstəvidə fəaliyyət göstərə bilməzlər. Onların psixologiyası həmişə hüququn sərhəddini keçməyə köklənib. “Beşinci kolon”un nümayəndələri deyirlər. Onları əsas birləşdirən neobolşevizm təfəkkürüdür. Bu təfəkkürdə mütləq hüquq sərhəddi şəxsi maraqlar üçün pozulur, gözlənilmir. Onlar cəmiyyəti bütöv qəbul etmirlər, “mənimki”, “səninki” məsələləri ortaya çıxır. Bir balaca ölkəni çeşidləyirlər. “Mənim adamım”, “yerlim” söhbətləri ortaya atılır. Praktikada bu problemlər fəsadlarını göstərir.
Biz 21-ci əsrdə yaşayırıq. Əgər istəyiriksə, sivil dünya bizi sivil ölkə kimi qəbul etsin, məramımız, meqatrendimiz hüququn aliliyinə hörmət olmalıdır. Mənim kitablarımda sadaladığım prinsiplərdə hüquq məsələsi mütləq gözlənilir. İllər keçib. Məsul olan dövlət adamları bu materiallardan cəmiyyətin xeyrinə istifadə etmək yerinə, qarşısını alır, görməzliyə vurur o kitabları. Sonra da çıxıb bəyanat verir ki, alimlər iş görməyib. Adama deyərlər ki, necə akademiksən, bu qədər kitab yazmısan ki, mənbələrlə, alimlərlə işləməmisən, xəbərdar olmamısan. Guya, xarici siyasətlə bağlı heç nə edilməyib. Mənim “Geosiyasi və sosial fəlsəfə” , “Yeni dünya nizamı” kitablarımda bir çox ciddi məsələlər əsaslı işıqlandırılıb. Bəs bunlar xarici siyasətə aid deyilmi? “Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər” kitabımda da Azərbaycan cəmiyyəti üçün lazım olan məqamlar kifayət qədər açıq göstərilib. Təəssüf ki, təmənnasız, yaradıcılıq potensialı göstərən, milli hisslərini ortaya qoyan, fədakarcasına çalışan alimlərə qiymət verilməyib. Bu bəyanatlar həm də beynəlxalq cəmiyyətə mesaj verir ki, aparılan islahatların kontekstləri yoxdur. “Heydər Əliyev kursuna sadiqəm” deməkdənsə, əməldə bunu göstərmək lazımdır.
– Azərbaycan elminin 30 ildə keçdiyi yola nəzər salaq. Siyasi mədəniyyətin təşəkkülündə elmdən nə dərəcədə faydalana bildik? Azərbaycan elminin bugünkü durumunu necə qiymətləndirmək olar?
– Bütün çatışmazlıqlara baxmayaraq, mən həmişə optimist olmuşam, metodologiya, nəzəriyyəylə bağlı mövzuları işləmişəm, tədqiq etmişəm. Bunlardan ölkə xaricində də istifadə olunub. Bir halda ki, metodologiyanın rüşeymləri Azərbaycandan gedir, demək olar ki, Azərbaycana İlahi Güc tərəfindən bu qabiliyyət verilib. Yerində olmayan, subyektiv maraqlara xidmət edən adamlar bu tədqiqatları üzə çıxarmayıblar, görməzlikdən gəliblər. Elmlər Akademiyası elmi tədqiqatlar sisteminin aparıcı, öndə olan qurumudur. Fəaliyyəti dövründə Ramiz Mehdiyev qabiliyyətli alimləri dəvət edib bu məsələləri qaldırmayıb. Əgər ölkə rəhbərliyi dövlət olaraq islahat prioritetini elan etmişdisə, Akademiyada bunun bir əsasları yaradılmalıydı. Ortaya yenilik qoya bilən alimləri yığıb islahatların nəzəri əsasları hazırlanmalı idi. Bu gedişatın müsbəti, mənfisi araşdırılmalıydı.
Mənim bu məsələlərlə bağlı bir neçə kitabım var. Cəmiyyətin bütün mühüm fəaliyyət istiqamətləri ilə bağlı islahatların məfkurəsi, nəzəriyyəsi işlənməliydi. Bütün bunların hesabatı soruşulmalıdır.
– Kitablarınızda ən çox toxunduğunuz məsələlərdən biri də yeni dünya nizamıdır. Bəs ədalətli dünya nizamı necə olmalıdır? Bunun bir formulu varmı?
– Bu məsələ bəşəriyyət üçün aktual, mühüm mövzulardan, problemlərdən biridir. Problemin antoloji tərəfi bu gün tam qabarıq özünü göstərir. Müasir dünya ciddi, yenidən formatlaşmağa ehtiyac duyur. Bu, danılmaz zərurətdir. İlk növbədə, aparıcı dünya gücləri bu prosesdə iştirak edirlər. Belə bir sual ortaya çıxır? Dünyanın yeniləşməsi hansı doktrinaya, hansı fəlsəfəyə söykənməlidir ki, bəşəriyyət artan xaosdan xilas olsun, ümumi rifah, sülh olsun, ədalətli nizam yaransın?
Bu günün özündə də dünyada geosiyasi realizm adlanan doktrina hökmranlıq edir. Ən tanınmış geostrateqlərin belə, dünya nizamının yenidən formatlaşmasıyla bağlı doktrinaları köhnə doktrinalardır. Mən sübut edirəm ki, bu doktrina əslində Sosial Darvinizmin geosiyasi müstəvidə tətbiq olunan ifrat bir formasıdır. Yəni sənin gücün, imtiyazın varsa, hərbi, siyasi, iqtisadi arsenalın gen-boldursa, bir növ özünə əsas, hüquq qazanırsan ki, istədiklərini gerçəkləşdirəsən. Geosiyasi realizm ümumi sülhə yol aça bilmir. Əslində, neçə illərdir dünyanın yenidən formatlaşması gedir. Xaos, qütbləşmə artır, varlı dövlətlərlə kasıb dövlətlər arasında fərq, hətta ölkələr daxilində qütbləşmə artır. Bu, yeni minillik üçün özünü doğrultmur. Mən öz kitablarımda yeni fəlsəfə təklif edirəm: geosiyasi yeniləşmə fəlsəfəsi. Bu fəlsəfə bütün xalqların, bəşəriyyətin dünya nizamında iştirakına imkan verir. Xalqların ortaya qoyduğu fədakarlığa, qabiliyyətlərinə, zəkalarına görə qazanclarına imkan verir. Ümumi rifaha, ümumi ədalətə, yeni ədalətli siyasi arxitekturanın formalaşmasına yol açır. Bu fəlsəfənin aparıcı elementlərini, nüvəsini, təsəvvürlər, prinsiplər sistemini kitablarımda ətraflı açıqlamışam.
– Qayıdaq öz cəmiyyətimizlə bağlı problemlərə. Azərbaycanda rus dilinin mövqeyi ilə bağlı məsələlər son vaxtlar yenidən gündəmə gəlib. Antirusiyaçılıq bizə nə qazandıra bilər? Əslində çıxış yolu nədir?
– Adam var ki, özünü türkçü, millətçi göstərmək üçün populistcəsinə ağlına gələni danışır. Bunlar bir dəfə bizim başımıza gəlib. 80-ci illərin sonunda anoloji məsələlər olurdu. Mən meydanda fəallıq göstərən insanlara başa sala bilmirdim ki, sən qışqırsan da, qışqırmasan da SSRİ artıq dağılmaq üzrədir. Azərbaycanın resursunu, enerjisini onun zəruri olandan artıq dağılmasına sərf etməyə dəyməz, xeyri yoxdur.
Akademik Mixail Lavrentevin bir nəzəriyyəsi var: istiqamətlənmiş partlayış nəzəriyyəsi. Bu nəzəriyyə praktikaya gələnə qədər obyekti partladırdılar, dağıntı hara gəldi tökülürdü. Bu nəzəriyyənin məğzi beləydi ki, dağ-mədən işlərində əvvəlcədən dağıntıların hansı istiqamətə düşməsi hesablanırdı. Mən hay-küy salanlara, populistlik edənlərə izah edirdim ki, dağılan bir obyektə işarəni Azərbaycanı verirsiz ki, daş-qalağın məni tutsun. Təklif edirdim ki, biz dağılan qaladan bəhrələnək. İqtisadiyyatımızı, əxlaqımızı, mədəniyyətimizi, torpaqlarımızı qoruyaq. İzah edirdim ki, SSRİ dağılsa da, yüz illərlə imperiya şüuruyla yaşayan ölkənin generalı, admiralı, marşalı, hərbi, siyasi kəşfiyyat kompleksi var, indidən onlara Azərbaycanı hədəf kimi göstərirsiz. SSRİ dağılacaq, Rusiya qalacaq, o nüvədə oturan generallar, hərbi qüvvələr heyfini səndən çıxacaq…
İndi də anoloji vəziyyət var. Kifayət qədər elmi olmayan, təhlil apara bilməyən, mürəkkəb sistemlərin dinamikasından xəbərdar olamayanlar ağılları gələn kimi davranırlar. Bəzən Azərbaycana ziyanlı ideyaları bizi istəməyən qüvvələr vətənpərvərlik, türkçülük adıyla atırlar. Çünki bilirlər ki, dünya formatlaşıb, böyük güclər var.
Hələ ki, geosiyasi realizm hökm sürür. Azərbaycanın bütün bu təhdidlərə, güclərə sinə gərmək imkanları azdır. Üstəlik də bu yenidən formatlaşmada əsas aktor olan Rusiyanı mümkün qədər Azərbaycanın üstünə qaldırmağa çalışırlar. Bəribaşdan Azərbaycanı hədəfə gətirirlər.
Rusiyanın özünün dağılma, frqamentləşmə məsələsi var. Tutaq ki, fraqmentləşdi, ya qaldı. Bəs sənə bu dirəniş, ağılsız səs-küy nə gətirəcək? Olmaz ki, proseslərdə ağılla iştirak edib, mümkün olan əməkdaşlığı saxlayıb, qarşılıqlı fayda götürərək addım-addım milli maraqların reallaşmasına yaxınlaşasan?
Mən bütün bu təhlilləri metodologiyalar üzərində qururam. Üstündən vaxt keçir, deyirlər, doğru söyləyir.
Ümumiyyətlə, dövlət, xalq məsələlərində, cəmiyyətin müqəddaratıyla bağı məsələrdə ciddi olmaq lazımdır. Bu ciddiyəti təmin edənsə elmdir, metodologiyadır, nəzəriyyədir. Öz subyektiv maraqlarını bir kənara atıb, zəhmət çəkib düşünməlisən ki, hansı müstəvidə təhlil aparım.
– Son 30 ildir erməni cəmiyyətiylə bir toqquşma halındayıq. Onlar tərəfindən bu toqquşmaya cəlb olunmuşuq. Bəlkə, Ermənistana qarşı baxışları dəyişmək lazımdır? Çünki bu müharibə atmosferi, münaqişələr, toqquşmalar Ermənistanı Rusiyaya tərəf sıxışdırır, oyuncağa çevirir. Necə addım ata bilərik ki, onları oradan qoparaq, münaqişə elemenetlərinin duruş vəziyyətinə təsir edək?
– Ermənistanın tək indi yox, son əsrlər çıxış etdiyi status, iddialar təkcə özləriylə bağlı deyil. Ermənistanın özünü ifadə etdiyi müstəvinin arxasında dünyanın aparıcı qüvvələri olub. Bunun da əsas səbəblərindən biri türk, müsəlman arealında özlərinin, necə deyərlər, klasslarını yaratmaq olub. Ermənilərin indiki yaşadıqları ərazilər onlara məxsus olmayıb. Ermənistanın, hətta Rusiyanın yaranmasında da Qərbin rolu olub. Türk arealının inkişafı onları təhdidə salıb. Rusiyanı öz əllərində bir idarəolunan dövlət vəziyyətinə gətirən elə bu dövlətlər olub. (Almaniya, Fransa, İngiltərə və s.) İndi məsələ bundadır ki, uydurma istəklə baxışımızı dəyişə bilmərik. Baxış dəyişmək qnoseologiya məsələsidir. “Mən istədim, dəyişim” demək alınmır. Ontologiya dəyişməlidir.
Ermənistanın yeni formatlaşan dünyada öz əvvəlki ontoloji statusu itməkdədir. Çünki onun ontoloji statusunu təmin edən Rusiya idi, onun da öz ontoloji statusu get-gedə zəifləyir. Qərb dünyası bu zəifləmədə iştirak edir. Nə yaxşı ki, prezident İlham Əliyev bu məsələləri bütün siyasi aktorlardan daha gözəl başa düşür. Onu dinləyəndə, cümlələrin arxasında duran mahiyyəti mən yaxşı anlayıram. Artıq bəşəri dinamika elə gedir ki, Ermənistan və Rusiyanın ontoloji statusunun zəifləməsində müsəlman-türk dünyasından az olmayaraq, Qərb özü iştirak edir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da bunu çox yaxşı anlayır. Bu gedişatda istəyir ki, türk dünyası, türk birliyi yeni formatlaşmada güclü iştirakçı, aktor olsun. Bizim də Türkiyə ilə, türk, müsəlman dövlətləriylə mütəffiqliyimiz bu kontekstdə başa düşülməlidir. Bu dinamika getdikcə baxışlarda, təsəvvürlərdə də qnoseoloji dəyişiklik baş verəcək.
Ermənilər, onların strateqləri də görür ki, it də gedir, ip də. Əlacları Azərbaycanın beynini qayğılandırmağa, siyasətini çal-çevirə salmağa çatır. Bunu da korrupsiyalaşmış, klanlaşmış adamlar və onlarla birgə fəaliyyət göstərən müxalifətin əliylə etməyə çalışırlar. Görürsən, ölkə başçımız hələ müsahibəyə hazırlaşır, müxalifətin orada-burada yerləşdirdiyi bloqqerləri tənqid, təhqirə hazır vəziyyətdə dayanırlar. Onların müqəddaratı pisliklə bağlıdır, qurucu ideyaları yoxdur, qurucu qüvvə deyillər. Son nəticədə Ramiz Mehdiyevin ötürdüyü ideyalarla onlarınkı üst-üstə düşür. Çalışırlar, dünya düşünsün ki, biz islahat apara bilmirik.
– Alimlərin dövlət və cəmiyyət həyatının mühüm məqamlarında iştirakı bugün nə dərəcədədir?
– Elə bir şərait yaranıb ki, ideoloji işə baxanlar bunu elə ziyanlı səviyyədə işləyiblər ki, bugün ölkə başçısı ölkənin baş ideoloqu kimi çıxış edir. Mən bir alim olaraq əsas ideoloji müddəaları prezidentin çıxışından eşidib, dinləyib, dəyərləndirirəm. Bəs bu qədər maliyyələr ayrılmışdı, ideologiyaya baxan insanlar nə işlə məşğul olub?
“Elm” qəzetinin bir sayında Akademiyanın yeni rəhbərinin 12 yerdə fotosu gedib. Qəzetdə onun şəninə həsr olunmuş ayrı-ayrı qurumların rəhbərlərinin məqalələri verilib. İnsanın bir sərhəddi olmalıdır. Olmazmı ki, bu qəzetdə prezidentin çıxışı təhlil edilsin? Azərbaycanın önə getməyini istəyirlərsə, elə bu çıxışlardan irəli gələn vəzifələri qoyulmalıdır, müzakirə edilməlidir.