1930-cu illərdə Azərbaycanda qəzet və jurnallar bu üç xanımdan yazırdı: Leyla Məmmədbəyova, Sona Nuriyeva və Züleyxa Seyidməmmədova. Qara çadradan yenicə qurtulan, cəhalət buxovlarından təzəcə azad olan bir dövrdə qadınların şahin quşu kimi göylərdə uçması böyük bir inqilab idi.
Onları tanıyaq:
Leyla Məmmədbəyova 1909-cu ildə Bakıda anadan olub. O, Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunda gənc qadınlarla birlikdə savadsızlığın ləğvi üçün çalışıb. Günlərin birində qonşusu Zibeydə Əhmədova ona qonşuluqda təyyarəçilik klubunun açıldığını deyir. Bu xəbər Leyla xanımın həyatını dəyişir. Çox keçmədən kluba yazılan Leyla xanım təyyarəçilik dərslərini almağa başlayır. Hətta, 1993–cü ildə Moskvaya gedərək, orada Tuşino Mərkəzi Uçuş məktəbində ölkənin tanınmış təyyarəçiləri – Qolovin, Mazuruk, Alekseydən təlim alır, “ U-2” təyyarəsinin mexanizmini və idarə etmək qaydalarını öyrənir. Təlimatçı-təyyarəçi adını alaraq, klubda planer-paraşüt üzrə təlimatçı işləyir.
Leyla Məmmədbəyova Tuşino meydanında paraşütlə tullanan ilk azərbaycanlı qadın idi. O, paraşüt üzrə Zaqafqaziya çempionu olub. Müharibənin ağır illərində 6 uşaq anası olan Leyla xanım klubda paraşüt üzrə təlimatçı olaraq fəaliyyətini davam etdirərək, minlərlə paraşütçü desant hazırlayıb.
Sona Nuriyeva 1915-ci ildə Bakı yaxınlığındakı Əmircan kəndində anadan olub. 17 yaşında Zabrat qəsəbəsindəki təyyarəçilik klubuna gedir və 8 ay müddətində “U2” təyyarəsinin texnikasına bələd olur, uçuş proqramını müvəffəqiyyətlə yerinə yetirir. 1934-cü ildə Bakı Təyyarçilik Məktəbini bitirib, Rostov şəhəri yaxınlığında Bataysk Məktəbində təlim keçir. Burada Sona xanım Birinci Mülki Aviasiya məktəbinin qadınlar eskadrilyasına daxil olur. Sona Nuriyeva 20 yaşında azərbaycanlı qızlar arasında ilk dəfə “Lenin ordeni”nə layiq görülür. Otuzuncu illərdə o, təyyarə ilə Azərbaycan çölləri üzərində uçur, müjdəli xəbərlər verir və göydən təşviqat vərəqələri səpirdi. Sona Nuriyevanın uğurları bununla bitmir. O, 1938-ci ildə SSRİ Ali Sovetinə seçilən ilk
deputatlardan biri olub. Müharibə illərində arxa cəbhəyə çağırılan Sona Nuriyeva Çexoslovakiya,Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Polşa, Rumınya səmalarında uçub. Azərbaycana qayıtdıqdan sonra uzun müddət Zabratda vertolyot stansiyasında işləyib.
Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda, Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılan, mühasib Mirhəbib ağanın evində anadan olub. Ali təhsilini Azərbaycan Sənaye İnsitutunda alıb. 1934-cü ildə Bakı Təyyarə klubu yaradılarkən o, klubun fəal üzvlərindən biri olub. Qısa zamanda təyyarəçiliyi öyrənib və klubda təyyarəçi-təlimatçı kimi işləyib. 1938-ci ildə Züleyxa institutu bitirib neftçi-mühəndis ixtisasını alır. Lakin o, 1938-ci ildə imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olan ilk şturman qız olur. Qabiliyyətli və seçilən tələbə olduğuna görə cəmi bir il sonra Moskva Şəhər Sovetinə deputat seçilir. 1941-ci ildə akademiyanı bitirir. Müharibənin başlaması ilə cəbhəyə yollanan Züleyxa Seyidməmmədova Sovet İttifaqı qəhrəmanı Marina Raskovanın başçılıq etdiyi qadınlardan ibarət ən fəal döyüşçülərindən biri kimi Moskva, Stalinqrad, Kursk səmalarında düşmənə ağır zərbələr endirib. Müharibədən qayıtdıqdan sonra ölkəyə gələn Züleyxa Seyidməmmədova ictimai-siyasi həyatda fəal iştirak edib. Göstərdiyi qəhətmanıqlara görə o, iki dəfə “Qırmızı Əmək Bayrağı ” və “Şərəf nişanı” ordeni ilə təltif olunub.
Gülər Seymurqızı