Bilgisel.az-ın müsahibi Türkiyədə yaşayan azərbaycanlı bəstəkar-müğənni Şahin Ağasoydur.

– Sizə necə müraciət edim, Mirşahin yoxsa Şahin?

– Şahin mümkündürsə. (gülür)

– Məşhurlar arasında əsl adıyla səhnə adı fərqlənənlər çoxdur. Sizcə bunu niyə edirlər?

– Fikrimcə, o adla daha çox müvəffəqiyyət qazanacaqlarını düşündükləri üçün belə edirlər. Türkiyədə səhnəyə və ya proqrama çağırdıqlarında adımı daha rahat qavramaları, unutmamaqları üçün mənim də adımda bir az dəyişiklik olub.

– Kimdir axı Şahin? Tanıyaq sizi.

– Mən, Şahin Ağasoy 1998-ci ildə Bakının Binəqədi rayonunda anadan olmuşam. Elə doğulduğum rayonda 83 nömrəli məktəb-liseydə təhsil almışam. Türkiyədə maliyyə fakültəsini bitirmişəm. Hal-hazırda Türkiyədə yaşayıram.

– Şahin, müğənni olmağı niyə seçdiniz?

– Açıqcası, uşaqlıqdan musiqiyə həvəsim var. İxtisasca maliyyəni seçsəm də, həmişə xəyallarımda bu sənət olub. Gənclərə tövsiyəm: istədikləri, həvəsli olduqları peşəyə doğru yönəlsinlər.

Müğənni, musiqi, incəsənət, mədəniyyət, müsahibə, istedadlı gənc

Şahin Ağasoy

– Bu sənətə gələndə daha çox dəstək oldular, yoxsa əngəl?

– İlk başlayanda nə yalan deyim, istər ailəmdən, istərsə də yaxın çevrəmdən çox əngəllər gördüm. Amma artıq bəstələdiyim mahnılar uğur qazandıqca, ailəm Türkiyədəki çıxışlarımı gördükcə onların güvənini qazandım, dəstək oldular.
– Türkiyədə çıxışlara necə başladınız?

– Bəli, qardaş ölkə Türkiyəylə əlaqələrim Azərbaycana nisbətən daha güclüdür. Çıxışlarıma əvvəlcə orda məzun olduğum universitetin tədbirlərində başladım. Ondan sonra isə səhnə, proqram təklifləri gəldi.

– Türk məşhurlardan kimlərlə münasibətiniz var? Kimlərlə iş birliyiniz olub?

– Türkiyədə ən öndə gələn aranjemançılar, bəstəkarlarla münasibətim yaxşıdır. Türkiyənin “DarknDark” musiqi şirkətinin bəstəkarıyam. Bəstəkarlar ittifaqının üzvüyəm. Bu səbəbdən qardaş ölkədə bir çox məşhurla aram yaxşıdır.

– Kiminləsə duet ifa edərsiniz?
– Hal-hazırda bu barədə danışıqlar gedir. Çox yaxın zamanda duetlər də olacaq.

– Bəs “onunla heç vaxt duet oxumaram” dediyiniz biri var?

– Düzünü desəm, elə bir fikrim olmayıb. Əgər fikirlərimiz, danışıqlarımız uyğun gəlsə, niyə də olmasın?

– Şahin, oxumaqla yanaşı, həm də bəstəkarlıqla məşğul olursunuz. Hətta Türkiyədə də çox sevilən həmyerlimiz Əli Türkoğluyla da iş birliyiniz olub. Əliylə tanışlığınız necə oldu?

– Bəli, Əli Türkoğlunun “Bitmeyen Öyküm” və “Mahkum” mahnılarının bəstəkarı mənəm. Əliylə dostluğumuz ortaq bir tanışımızın sayəsində olub. Eyni yerdə yaşamağımız və qonşu olmağımız ikimiz üçün də bir şans idi.

– Sosial şəbəkələrdə son vaxtlar mahnıları cover versiyada ifa edənlərin sayı artmaqdadır. Buna münasibətiniz?

– Mən gənclərin bu şəkildə irəliləməsinə çox yaxşı baxıram. Azərbaycan musiqisi çox zəngin və tarixidir. Amma təəssüf ki, gənclərimizin marağı bizim milli musiqiyə, dahi şəxsiyyətlərimizə yox, “bayağı” sənətçilərədir. Bu, bir az məyusluq hissi yaradır.

– Şahin, bir çoxları düşünür ki, kişilərin xəyanət etməsi normaldır, qadınların xəyanətini isə bağışlamaq olmaz. Siz də bu fikirdəsiniz?

– Bu fikirlə daha öncə də qarşılaşmışdım. Mənə görə, qadınların və kişilərin bir-birindən heç bir üstünlüyü yoxdur. Sadəcə kişilər fiziki cəhətdən daha üstündür. Amma mənim fikrimcə, nə qadın, nə də kişi xəyanət etməlidir. Mənə görə, xəyanət bağışlanılmazdır.

– Qarşınızdakı insanda həm xarici həm də daxili cəhətdən ilk nəyə fikir verirsiniz?

– Ən əsas üstünlük verdiyim xüsusiyyət mimika ve jestlər, bir insanın bir insana göstərdiyi hörmətdir. Həmçinin qarşısındakı insana xitab forması, danışıq tərzinə də üstünlük verirəm. Qarşımdakı insanın xarici görünüşü və baxımlı olması da mənim üçün çox önəmlidir.

– Hər bir incəsənət adamı yeni nə isə hazırlayanda nədənsə, ola bilsin ki, kimdənsə ilham alır. Bəs siz bəstələrinizi yazanda nədən ilham alırsınız?

– Yeni bəstələrimi daha çox açıq havada yazıram. Sakitçilik, bir də qəhvə önəmlidir (gülür). Özümlə tək qaldığım zaman çox yaxşı şeylərə nail ola bilirəm.

– Hansı janrda mahnılar dinləyirsiniz?

– Bəstəkar olduğuma görə bütün janrlardan məlumatım olmalıdır. Mən də bütün janrlarda olan mahnıları dinləyirəm. Amma ən çox sevdiyim slow, caz, Anadolu rok deyə bilərəm.

Azərbaycanlı gənc bəstəkar-müğənni Şahin Ağasoy, istedadlı, bəstəkar, müğənni, musiqi, incəsənət, mədəniyyət
– İstedadlı gənc bəstəkarlar, söz yazarları çoxdur, amma tanınmırlar. Bəs tanınmaq üçün nə lazımdır, sizcə?

– Bəli, bu barədə sizə qatılıram. İstedadlı gənclərimiz çoxdur. Fikrimcə, özlərinə güvənməli və əminliklə yola çıxmalıdırlar. Hər yerdən bir qapı tapmağa çalışmalıdırlar. Bəzi şeylər alınmadıqda daha çox həvəslənməlidirlər. Çünki, bu yol çox məşəqqətli bir yoldur. Əmin addımlarla yola çıxmaq ən məsləhətlisidir.

– Şahin, bu sənətdə arzu etdiyiniz bir pillə varmı?

– Sənətdə arzu edilən bir pillə yoxdur, məncə. Həmişə daha da üst pilləyə çıxmaq istəyərsən. Təbii ki, əgər bir pillə varsa, ən zirvəsində olmağı istəyərdim. Məncə, insan övladının edə bilməyəcəyi bir şey yoxdur. Səbr, əzm, iradə.

– Bu sənəti seçdiyinizə görə nə vaxtsa peşman olmusunuz?

– Təbii ki. Bəzən ruhdan düşdüyüm, hətta bir az uzaqlaşdığım belə olub. Ətrafındakı insanların səni ruhdan salmaları sıx-sıx rast gəlinən bir haldır. Hamımız bunu yaşamışıq. Amma artıq bu kimi hallar məni sənətə daha çox bağlayır, həvəsləndirir. O mənfi danışanların isə sən nələrəsə nail olduğunda susması çox gözəl bir hissdir.

– Azərbaycanda və Türkiyədə kimləri dinləyirsiz?

– Azərbaycanın dahi şəxsiyyətlərindən Vaqif Mustafazadə, Şövkət Ələkbərova, Müslüm Maqomayev mütəmadi olaraq dinlədiyim və örnək aldığım insanlardandır. Amma dediyim kimi Azərbaycan musiqisi çox zəngin bir musiqidir. Azərbaycandan dinlədiyim müğənnilər çoxdur. Türkiyədən isə yeni və retro demək olar ki, çoxunu dinləyirəm. Çünki orda çalışdığıma görə musiqilərinə də bələd olmalıyam deyə düşünürəm.

– Son vaxtlar bu sənətə yeni addımlarını atan bir çox yerli müğənnilər Türkiyəyə üz tutur, hətta Azərbaycana nisbətən Türkiyədə daha çox tanınırlar. Sizcə, bunun səbəbi nədir?

– Mən özüm şahid olmuşam ona görə deyirəm: bunun səbəbi odur ki, qardaş ölkə Türkiyədə sənətçiyə hörmət qoyulur. Sənətçi hər zaman xalqa xitab etdiyi üçün orda çox yüksək qiymətləndirilir. Amma burda təəssüf ki, o yoxdu. Şou-biznesdən isə onsuz da baş açmaq olmur.

Azərbaycanlı gənc bəstəkar-müğənni Şahin Ağasoy, istedadlı, bəstəkar, müğənni, musiqi, incəsənət, mədəniyyət

– Yeniliklərdən danışaq biraz da. Qarşıda bizi nələr gözləyir?

– Yeniliklər sentyabrdan etibarən başlayır, inşallah. Bəstələrimə ifa olunacaq mahnılar öz yerində, amma özüm də bəstələrimi öz ifamla təqdim etmək istəyirəm. Tezliklə Akustikhane proqramında klipim təqdim olunacaq. Və məşhur biriylə duet təqdimatımız olacaq. Adı hələ ki, sürpriz qalsın.

 

Mübariz ZƏKİ