Bilgisel.az-ın müsahibi Polşada yaşayan azərbaycanlı pianoçu, ifalarıyla sosial şəbəkələrdə çoxlarının qəlbinə yol tapan Fuad İbrahimlidir.

– Fuad, bizə biraz sizdən danışın.

– Mən, Fuad İbrahimli. 1993-cü ildə Bakının Pirallahı qəsəbəsində doğulmuşam. İxtisasca tərcüməçiyəm, habelə doğulduğum qəsəbədə yerləşən 14 saylı məktəbdə 7 illik musiqi təhsili almışam. Hal-hazırda Polşada yaşayıram.

– Pianoçu olmağı uşaqlıqdan istəmisiniz?

– Xeyr, əsla istəməmişəm. Musiqi məktəbinə də milli musiqilərimizə xas olan mahnıları öyrənmək üçün getmişdim, amma tamam ayrı bir dünya ilə qarşılaşdım. Düşünmürəm ki, kimsə öz istəyi ilə musiqi məktəbinə getmiş olsun. (gülür)

– Uşaqlıq xatirələrinizdən ən çox nə yadınızda qalıb?

– Xatirələrimdə ən çox utancaqlığım, çəkingənliyim, özgüvənsizliyim yadımda qalıb. Həyata gec atılmışam, amma ümumi götürsək, uşaqlıq illərimi yada salanda xoş hisslər keçirirəm.

Pianoçu, istedadlı, musiqi, incəsənət, mədəniyyət

– Pianoda ifa edərkən keçirdiyiniz hissləri necə ifadə edə bilərsiniz?

– Pianoda ifa edərkən tamamən başqa bir duyğu içində oluram: başqa dünya, başqa bir diyarda. Ona görə pianoçuda diqqət ən üst səviyyədə olmalıdır, əks halda ən kiçik xatirə, 5 dəqiqə əvvəl yaşadığı ən kiçik hiss belə onu ifadan yayındıra bilər. Bu hissi sözlə ifadə edə bilmək çox çətindir.

– İfa seçimində kimlərdən məsləhət alırsınız?

– İfa seçimində də, hər addımımda da həyat yoldaşımdan məsləhət alıram. (gülür)

– Öz bəstələdiyiniz ifalar var mı? Nələrdən ilham alırsınız?

– Öz bəstələdiyim ifalarım var. Məsələn, “Sükut”. İlham mənbəyim isə hüzurlu ailə həyatımdır.

– Elə bir musiqi varmı ki, onu başqasının ifasında sevmisiniz amma sizin ifanızda uğurlu alınmaz deyə düşünüb ifa etməmisiniz?

– Tam səmimi deyim ki, elə bir musiqi yoxdur. Çünki hər kəsin fərqli tərzi var. 100 pianoçuya eyni əsəri verin, 100-ü də fərqli ifa edəcək. Çünki duyğular, qulaq duyumu, əllərin ahəngi fərqlidir.

– Sosial şəbəkələrdə ifalarınızı paylaşmaq istəyi hardan yarandı?

– Nə yalan deyim diqqət çəkmək istəyirdim. Bayaq qeyd etdiyim kimi utancaqlıq və s. ucbatından… (gülür) Paylaşımlara isə instagram videolarının 15 saniyə olduğu dönəmlərdən başlamışam.

– Bəs birdən sevilməsəydi, o zaman davam edərdiniz?

– Bəli, davam edərdim. Çünki gözləntimi yüksək tutmamışdım, yəni sırf bu işi sevdiyimdən paylaşırdım.

– Pianoçulardan kimləri dinləyirsiniz?

– Pollini, Zimerman, Evgeny Kissin, Çingiz Sadıqov və s.

– Fuad, sizcə müasir gənclər bu gün niyə məşhurluğa bu qədər can atır? Siz də belə gənclərdənsiniz?

– Məşhurluq pis bir şey deyil. Haqqı olan hər bir gəncin məşhur olmağını arzu edirəm açığı. Mən isə məşhurluğa can atmıram, sadəcə paylaşım edirəm və dinləyici kütləsi öz-özünə, təbii yolla artır.

– Elə bir əsər olub ki, ifa etmisiniz və uzun müddət təsiri altında olmusunuz?

– Bəli, məsələn “Qal, sənə qurban!”, Şopenin Prelüdü, Scriabinin Etüdü 8-12 və s.

– Bir pianoçu kimi vətəndən uzaqda yaşamağı hansı musiqi əsərilə ifadə edə bilərsiniz?

– Cahangir Cahangirovun “Alagöz” əsəri ilə.

– Dünyada nəyi dəyişmək istərdiniz?

– Ədalətsizliyi, ikili standartlılığı.

– Bəs özünüzdə?

– Özümdə utancaqlığı.

Azərbaycanlı Pianoçu, müsahibə, istedadlı gənc, musiqi, incəsənət, mədəniyyət

– Məclislərə, konsertlərə çıxış üçün dəvət alırsınız?

– Bəli, hətta Polşaya gəldikdən 2 həftə sonra bir məclisdə piano ifa etmişdim.

– Nəyi etdiyinizə və nəyi etmədiyinizə görə peşmansınız?

– Şablon olsa da, deyəcəm. Heçnəyə görə peşman deyiləm, istədiyim hər şeyi etmişəm.

– Ən çox sevdiyiniz xüsusiyyətiniz?

– “Yox” deməyi bacarmağım.

– Mütaliə etməyi sevirsiniz? Ən son oxuduğunuz kitab?

– Təbii ki, sevirəm. Ən son oxuduğum kitab Zülfi Livanelinin “Son ada” kitabı olub. Hər kəsə oxumağı məsləhət görürəm.

– Həyat da piano kimidir: ağ-qara. Çətinliyə düşəndə ilk kimdən dəstək alırsınız?

– Çox şükür ki, çətinliyə düşməmişəm. Düşməməyimə səbəb yoldaşımla bir-birimizə olan dəstəyimizdir deyə düşünürəm.

– 5 il sonrakı Fuada sözünüz?

– “Yenə utancaqsan?”

 

Mübariz ZƏKİ